Bakıda yol hərəkətinin təşkili ilə bağlı qəbul edilən qərarlar son illərdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Sürücülər demək olar ki, hər yeni xətlənmə, zolaq və ya hərəkət sxeminin dəyişdirilməsindən sonra daha çox çaşqınlıqla və əlavə tıxaclarla üzləşdiklərini bildirirlər. Xüsusilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi bəzi layihələr cəmiyyətdə ciddi narazılıq doğurur. Sosial şəbəkələrdə yayılan görüntülər və paylaşımlar göstərir ki, vətəndaşlar artıq problemlərin həllindən çox, yeni narahatlıqların yaradıldığını düşünürlər.
Bu dəfə narazılığın mərkəzində Ziya Bünyadov prospektində tunel istiqamətində çəkilən yeni yol xətləri dayanır. Sürücülərin sözlərinə görə, girişdə, tuneldə və çıxışda iki hərəkət zolağı olduğu halda, tətbiq edilən yeni nişanlanma nəqliyyatın hərəkətini asanlaşdırmaq əvəzinə əlavə manevrlər və qarışıqlıq yaradır. Bir çoxları hesab edir ki, bu cür dəyişikliklər yolun real vəziyyəti və sürücülərin gündəlik təcrübəsi nəzərə alınmadan həyata keçirilir. Nəticədə isə sual yaranır: paytaxt yollarında aparılan dəyişikliklər doğrudanmı hərəkəti rahatlaşdırmağa xidmət edir, yoxsa Bakı sürücüləri növbəti uğursuz eksperimentin iştirakçısına çevriliblər?
KONKRET.az-ın apardığı araşdırma zamanı məlum olub ki, son dövrlər paytaxtın müxtəlif küçə və prospektlərində həyata keçirilən yol hərəkətinin təşkili ilə bağlı dəyişikliklər ətrafında narazılıqlar artmaqdadır.
Vətəndaşlar xüsusilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) son dövrlərdə həyata keçirdiyi yol təşkilatı dəyişikliklərini, yeni zolaqları və parklanma siyasətini kəskin tənqid edirlər.
Paylaşımların altında yazılan şərhlərdə narazılıq açıq şəkildə hiss olunur:
“AYNA-ya təklifim var – istefa verib qayıdın kəndinizə”.
“Əvvəl burada tıxac yaranırdı? Xeyr. Bu xətt çəkiləndən sonra problem başlayıb”.
“Ən yarıtmaz qurumlardan birisiniz”.
“AYNA heç nəyə qarışmasa, bəlkə vəziyyət daha yaxşı olar”.
“Ömrünüzdə bir dəfə də çıxıb demədiniz ki, səhv etmişik. Masa arxasında qərar vermək asandır, sürücü kimi küçəyə çıxın, görün vəziyyət nə yerdədir”.
“Belə getsə, axırda tunelin içində işıqfor da qoyacaqlar”.
“Bakının yollarını elə zəlil vəziyyətə salmısınız ki, sürücü özünü şahmat oyununda hiss edir, hər an mat olmaqdan qorxur”. “AYNA dinləyir, eşidir, amma bildiyini edir”.
Şərhlərdən də görünür ki, narazılıq təkcə Ziya Bünyadov prospektindəki yeni xətlənmə ilə məhdudlaşmır. Son aylarda paytaxtın müxtəlif ərazilərində avtobus zolaqlarının təşkili, parklanma yerlərinin ödənişli edilməsi, yol hərəkətinin istiqamətlərində edilən dəyişikliklər və bəzi küçələrdə tətbiq edilən yeni sxemlər də mübahisələrə səbəb olub.
Sürücülər hesab edirlər ki, bir sıra qərarlar real hərəkət intensivliyi və gündəlik nəqliyyat axını nəzərə alınmadan qəbul edilir. Onların fikrincə, bəzi dəyişikliklər tıxacların azalmasına deyil, əksinə, artmasına səbəb olur.
Qeyd edək ki, AYNA son illər paytaxtda nəqliyyatın optimallaşdırılması, ictimai nəqliyyatın sürətləndirilməsi və yol təhlükəsizliyinin artırılması məqsədilə müxtəlif layihələr həyata keçirir. Lakin görünən odur ki, bu layihələrin bir qismi cəmiyyət tərəfindən birmənalı qarşılanmır və ictimai narazılıq getdikcə daha qabarıq şəkildə özünü göstərir.
İndi sürücüləri maraqlandıran əsas sual budur: paytaxt yollarında aparılan dəyişikliklər həqiqətənmi nəqliyyatın rahatlığını artırır, yoxsa yeni problemlərin yaranmasına səbəb olur? Əslində sualın cavabı yuxarıda insanların rəylərində özünü tam dolğun şəkildə əks etdirib.
Müşviq Tofiqoğlu
KONKRET.az

