Dollar gücləndi – Qızılın qiyməti necə olacaq?backend

Dollar gücləndi - Qızılın qiyməti necə olacaq?

Son günlər dünya bazarlarında qızılın qiymətində müşahidə olunan ucuzlaşma həm investorlar, həm də əmanətlərini qiymətli metallarda saxlayan vətəndaşlar arasında narahatlıq yaradıb. ABŞ Mərkəzi Bankının faiz siyasəti, dolların möhkəmlənməsi və qlobal iqtisadi gözləntilər qızıl bazarına birbaşa təsir göstərdiyi üçün qiymətlərdəki dəyişikliklər diqqətlə izlənilir.

Bəs qızılın ucuzlaşmasının arxasında hansı amillər dayanır və bu eniş tendensiyası nə vaxta qədər davam edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın ucuzlaşmasının əsas səbəbi dünya birjalarında formalaşan ümumi tendensiya və ABŞ Mərkəzi Bankının (Federal Ehtiyat Sistemi) pul-kredit siyasətidir.

Dövlət satınalmalarının 30%-nin icra olunmaması çox böyük rəqəmdir” - Xalid  Kərimli

Onun sözlərinə görə, son aylarda enerji daşıyıcılarının, xüsusilə də neftin qiymətinin yüksək səviyyədə qalması inflyasiya risklərini artırıb:

“ABŞ Mərkəzi Bankının son iclaslarında səsləndirilən mövqe ondan ibarətdir ki, inflyasiya gözləntiləri yüksələ bilər. Bu səbəbdən ilin qalan hissəsində faiz dərəcələrinin artırılması ehtimalı gündəmdədir. Faizlərin yüksəlməsi isə dolların dünya bazarlarında möhkəmlənməsinə səbəb olur. Dollar gücləndikcə qızıl kimi əmtəələrin qiymətləri aşağı istiqamətdə təzyiqlə üzləşir”.

İqtisadçı qeyd edib ki, qızılın gələcək qiymət dinamikası əsasən qlobal inflyasiya göstəricilərindən və ABŞ Mərkəzi Bankının növbəti faiz qərarlarından asılı olacaq:

“Əgər inflyasiya riskləri yüksək qalarsa və Federal Ehtiyat Sistemi sərt monetar siyasəti davam etdirərsə, qızılın qiymətində eniş tendensiyası müəyyən müddət də sürə bilər. Əks halda, faiz artımları ilə bağlı gözləntilərin zəifləməsi qızıl bazarında yenidən bahalaşmaya şərait yaradacaq”.

Ekspertin fikrincə, yaxın aylarda qızıl bazarında əsas istiqaməti ABŞ iqtisadiyyatından gələn məlumatlar və qlobal maliyyə bazarlarındakı proseslər müəyyən edəcək. Bu səbəbdən investorlar Federal Ehtiyat Sisteminin qərarlarını və inflyasiya göstəricilərini diqqətlə izləməlidirlər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*