“İyunun 30-da davam etdirilməsi planlaşdırılan ABŞ–İran məsləhətləşmələrində əsas mübahisə mövzusu İranın nüvə proqramıdır. Xüsusilə uranın zənginləşdirilməsi səviyyəsi, nüvə materiallarının taleyi, bu materialların ölkə daxilində saxlanılıb-saxlanılmayacağı, Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin İranın nüvə obyektlərinə çıxış imkanları və gələcək monitorinq mexanizmləri üzrə tərəflər arasında ciddi fikir ayrılığı qalır”.
Politoloq Züriyyə Qarayeva bu fikri KONKRET.az-a açıqlamasında səsləndirib.

“Vaşinqton daha sərt yoxlama rejimi, uzunmüddətli məhdudiyyətlər və İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının neytrallaşdırılmasını tələb edir. Tehran isə sanksiyaların real şəkildə yumşaldılmasını, dinc məqsədli nüvə fəaliyyətinin hüquqi təminat altına alınmasını və yoxlamaların yalnız qarşılıqlı öhdəliklər yerinə yetirildikdən sonra genişləndirilməsini müdafiə edir”.
Politoloq qeyd edir ki, mövcud mövqelər nəzərə alınarsa, yaxın müddətdə hərtərəfli yekun sazişin əldə olunması ehtimalı yüksək görünmür.
“ Bununla belə, tərəflərin danışıqları davam etdirməkdə maraqlı olması, müəyyən sanksiya yumşalmaları və texniki işçi qruplarının fəaliyyətinin davam etməsi mərhələli razılaşmalar üçün müəyyən imkan yaradır. Ən real ssenari tərəflərin əvvəlcə etimadın bərpasına xidmət edən texniki məsələlər üzrə məhdud irəliləyiş əldə olunması, daha mürəkkəb siyasi qərarların isə sonrakı mərhələlərə saxlanılmasıdır. Əsas maneə ondan ibarətdir ki, həm Vaşinqton, həm də Tehran daxili siyasi auditoriyaya güzəştə gedən tərəf kimi görünmək istəmir və bu, kompromis imkanlarını məhdudlaşdırır”.
Aynurə İsmayıl
KONKRET.az
