“Telefon rabitəsi xidmət kimi artıq bazardan çıxır” – Bəs bu xidmətə görə niyə artıq pul ödəyirik? – ƏTRAFLIbackend

“Telefon rabitəsi xidmət kimi artıq bazardan çıxır” – Bəs bu xidmətə görə niyə artıq pul ödəyirik? - ƏTRAFLI

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata çatdırılıb. Bununla bağlı qərar Tarif Şurasının iclasında qəbul edilib. Beləliklə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib. Müasir dövrdə demək olar ki, ənənəvi telefonlardan istifadə edilmədiyini, insanların daha çox mobil operatorların təklif etdiyi xidmətlərdən, ən əsas da vhatsapp və messsenger zənglərindən yararlandığını nəzərə alsaq, bu zaman tariflərin artırılması anlaşılan deyil. Üstəlik sabit şəbəkə telefonlardan istifadəyə görə aylıq tariflərin artırılması bu rabitə vasitəsinin nə qədər lazımlı olub-olmaması məsləsini də gündəmə gətirir. İnsanlarda isə haqlı olaraq, “bir halda ki istifadə etmirik, o zaman niyə artıq pul ödəməliyik?” sualının yaranmasına səbəb olur.

Mövzunu KONKRET.az-a şərh edən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov sonuncu dəfə ev telefonlarından nə zaman istifadə etdiyini artıq unutduğunu deyib: “Dünyada ənənəvi telefon operatorlarının biznes modellərinin dəyişməsi prosesi gedir. Yəni təkmilləşdirmə işləri həyata keçirilir. Bazara yeni xidmətlər çıxarılır. Hər xidmətin və məhsulun isə bir istifadə dövrü var. Odur ki, hər sahədə olduğu kimi, telekommunikasiya sektorunda da modernləşmə tətbiq edilməlidir. Ancaq təəssüflər olsun ki, Azərbaycanda nə mobil operatorlarda, nə də ənənəvi telefonlarda modern dəyişikliklər nəzərə çarpmır. Amma bazarın və zamanın tələbinə uyğun yeni təkliflər irəli sürülməlidir. Mobil operator olaraq yalnız telefon xidməti verirəm deyə bir yanaşma olmamalıdır. Ola bilər ki, təklif edilən xidmətlər daha böyük gəlir gətirsin və maddi dayanıqlığı təmin etsin. Amma qeyd etdiyim kimi bizdə bu sahədə heç bir yenilik yoxdur. Ənənəvi telefonların abunə tariflərinin yüksəldilməsinin səbəbləri haqda isə heç nə deyə bilmərəm. Çünki bu addımın hansı meyarlar əsasında atıldığından xəbərsizəm”.

Fərid Kazımovun sözlərinə görə, dünyanın aparıcı telekommunikasiya qovşaqlarının yeniliklərinə nəzər salmaq, daha sonra isə onları Azərbaycanda sınaqdan keçirmək lazımdır: “İngiltərə təcrübəsinə baxsaq, orada stasionar rabitə mövcuddur. Amma telefon rabitəsi xidmət kimi artıq bazardan çıxır. Artıq insanlar mobil rabitədən az istifadə edir. İndi daha çox whatsapp, messenger zənglərindən və digər bu kimi xidmətlərdən yararlanırlar. Dünyada insanlar telefon rabitəsindən istifadə etmirsə, o zaman bu xidməti bağlayır və ödəniş etmirlər. Bu halda isə sözügedən xidməti göstərən şirkətlər müflis olurlar. Amma həmin şirkətlər yeni və müasir xidmətlərlə bazara çıxa bilsələr, onda insanların marağını cəlb edə və gəlir qazana bilərlər. Azərbaycanda da bu cür təcrübələr tətbiq olunmalıdır. Çünki biz də dünya iqtisadiyyatının tərkib hissəsiyik və baş verən yeniliklər Azərbaycana da aid olmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*