Texas qubernatoru Qreg Abbott 2020-ci ildə “Qaraların həyatı önəmlidir” nümayişləri zamanı bir adamı öldürməkdə təqsirli bilinən müttəhimi əfv edib.
KONKRET.az xəbər verir ki, keçmiş hərbçi Daniel Perri Ostində etiraz aksiyası zamanı avtomobili ilə etirazçıların olduğu küçədə etirazçılardan birini öldürüb. Garret Foster əlində tüfənglə maşına yaxınlaşıb və Perri tərəfindən vurularaq öldürülüb.
Perri özünü müdafiə etdiyini desə də, məhkəmə onu təqsirli bilib və o, 25 il müddətinə azadlıqdan məhrum edilib. ABŞ Hərbi Hava Qüvvələrində texniki işləyən Foster üzərində Texas ştatında qanuni olan AK-47 tipli tüfəng gəzdirib.
Məhkəmə zamanı Perrinin vəkilləri Fosterin tüfəngini ona tuşlandığını iddia ediblər. Bəzi şahidlər buna qarşı çıxıblar. Perri avtomobilinin şüşəsini aşağı salıb və əlindəki silahla beş dəfə ona atəş açıb. Az sonra o, 911-ə zəng edib.
Bu iş ştatda mühafizəkarlar üçün əsas problemə çevrilib və Qubernator Abbot daha əvvəl Perrini rəsmi müraciət alacağı təqdirdə onu əfv edəcəyini bildirib. Perri 2023-cü ilin aprelində qətldə təqsirli bilinib.
- Qubernator Abbot vurğulayıb ki, “Texas ən güclü özünümüdafiə qanunlarından birinə malikdir və bunu məhkəmə və ya prokuror da dana bilməz”.
Məhkəmə sənədlərinə görə, Perri hadisədən həftələr əvvəl Black Lives Matter etirazlarının yerini axtarmağa başlayıb və sosial şəbəkələrdə dostlarına yazdığı mesajlarda etirazçıları “zooparka nəcis atan bir dəstə meymun” adlandırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
