TikTok, Instagram, YouTube və digər sosial media platformaları son illərdə gənclər üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də gəlir mənbəyinə çevrilib. Bəzi gənclər qısa müddətdə minlərlə izləyici toplayaraq reklam, əməkdaşlıq və müxtəlif layihələr hesabına yüksək qazanc əldə edirlər. Bu tendensiya ənənəvi təhsil və karyera anlayışlarına da təsir göstərərək cəmiyyətdə yeni baxışların formalaşmasına səbəb olur.
Bəs sosial media üzərindən əldə olunan qazanc gənclərin təhsilə, peşə seçiminə və cəmiyyətin gələcəyinə necə təsir edir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Dilruba Həsənova bildirib ki, sosial media vasitəsilə gəlir əldə etmək təkcə iqtisadi hadisə deyil, eyni zamanda insan beyninin işləmə prinsiplərinə, cəmiyyətin dəyərlərinə və ümumilikdə mədəniyyətə təsir göstərən prosesdir.

“İnsanlar görür ki, bir neçə saniyəlik video minlərlə baxış, bir neçə paylaşım isə pul və məşhurluq gətirə bilir. Nəticədə gənclərin bir qismi üçün “uzun müddət öyrənmək və inkişaf etmək” anlayışı ilə “tez görünmək və qazanmaq” anlayışı arasında daxili mübarizə yaranır.
Beyin mürəkkəb ideyaları araşdırmaqdan daha çox qısa, emosional və təsirli mesajlara üstünlük verməyə başlayır. Bu isə diqqət müddətinin azalmasına, səthi nəticələr çıxarmağa və mürəkkəb problemlərə qarşı səbirsizliyə səbəb ola bilir. Eyni zamanda insanlarda aqressivlik də artır.
Sistem insanı düşünməyə deyil, platformada saxlamağa çalışır. Düşünən insan bəzən ekranı bağlayır, emosional reaksiya verən insan isə qalmağa davam edir”.
Psixoloqun sözlərinə görə, bu proses dünyada yeni bir nəslin formalaşmasına səbəb olur:
“Bir tərəfdə bilik və peşə sayəsində uğur qazananlar, digər tərəfdə isə görünürlük və geniş auditoriya hesabına tanınan insanlar formalaşır. Sosial mediada qazanc yüksək olsa da, onun dayanıqlılığı daha zəifdir. Çünki insanların maraqları dəyişdikcə həmin sistemə münasibət də fərqlənir”.
Ekspert vurğulayıb ki, Azərbaycanda da bu tendensiya artıq özünü göstərir. Təhsil və peşənin yüksək qiymətləndirildiyi cəmiyyətdə bəzi gənclər ali təhsil olmadan da yüksək gəlir qazanmağın mümkünlüyünü görürlər.
“Bu vəziyyət “təhsil nə üçün lazımdır?” sualını daha da aktuallaşdırır. Sosial mediada uğurlar çox görünür, amma uğursuzluqlar görünmür. İnsanlar qazananları görür, lakin nəticə əldə edə bilməyən minlərlə şəxsin hekayəsindən xəbərsiz qalırlar”.
Onun fikrincə, bu amil insanların özlərini qiymətləndirməsinə də mənfi təsir göstərə bilər:
“Əvvəllər insanlar özlərini daxili keyfiyyətlərinə görə dəyərləndirirdilərsə, indi çox vaxt bu qiymətləndirmə izləyici, baxış sayı və bəyənmələrin üzərindən aparılır. Şəxsiyyət tədricən başqalarının reaksiyalarından asılı vəziyyətə düşür. İnsan artıq “Mən kiməm?” sualından çox,
“Başqaları məni necə görür?” sualına cavab axtarmağa başlayır”.
Dilruba Həsənova qeyd edib ki, insan psixologiyası yalnız maddi qazanc üzərində qurulmayıb və hər bir insanın özünü reallaşdırmağa ehtiyacı var. O, hesab edir ki, sosial media görüntünü düşüncədən daha sürətli qiymətləndirdiyi üçün dərin düşüncə qabiliyyətinin zəifləməsi riski yaranır:
“Tarix göstərir ki, sivilizasiyaları dəyişdirənlər dərin düşünən insanlar olub. Əgər bir cəmiyyət sürətli qazancı bilikdən üstün tutursa, qısamüddətli qazanc əldə edə bilər. Lakin düşünən insanların sayı azalarsa, intellektual inkişaf zəifləyər və bu, ölkənin gələcəyi üçün risk yaradacaq”.
Aynurə İsmayıl
KONKRET.az
