Türkiyənin İstanbul Universitetinin doktorantı, ixtisasca iqtisadçı olan Fazil Qasımovun qardaş ölkədə həbs olunaraq Azərbaycana gətirilməsi əsl sensasiya effekti yaradıb.
Onun Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun haqqında qaldırılmış cinayət işi ilə əlaqədar həbs edildiyi bildirilib. Artıq xəbər verildiyi kimi, tanınmış iqtisadçı Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bir sıra beynəlxalq təşkilatın, hətta ABŞ Konqresinin İnsan Hüquqları üzrə Alt Komitəsinin sədri və Qlobal İnsan Hüquqları Komissiyasının həmsədri Kristofer Smitin ADR sədrinin həbsdən azad edilməsini tələb etdiyi bir vaxtda, çox güman ki, Türkiyə hüquq-mühafizə orqanlarının köməyi ilə digər azərbaycanlı alimin həbs olunması intriqanı daha da artırır. Amma Milli Məclisin üzvü Vüqar Bayramov (Qubad İbadoğlunun doğma qardaşı) demişkən, istintaqın nəticəsini gözləmək lazımdır. Çünki İstanbul Universiteti kimi nüfuzlu ali məktəb doktorantının Azərbaycana deportasiya olunması məsələnin ciddiliyini ortaya qoyur, “od olmayan yerdən tüstü çıxmaz” qənaəti yaradır.
Hərçənd, Azərbaycana böyük dəstək verən Ərdoğan hakimiyyətinə bizim müxalifətin ögey münasibətini də bilirik. Onların nə düşündüklərindən asılı olmayaraq, qardaş Türkiyədə də vaxtaşırı belə həbslərin baş verdiyini görürük. Amma onu da görürük ki, məhkəmə istintaqı nəticəsində günahı olmadığı sübuta yetirilən alimlər, jurnalistlər, hərbçilər və digər insanlar sonradan azadlığa qovuşurlar.
Bizim yazıda məqsədimiz Qubad İbadoğlunu pisləmək və ya tərifləmək, bu həbsin ədalətli və ya ədalətsiz olduğunu iddia etmək deyil. Heç yerli müxalifəti və beynəlxalq təşkilatları da şivən qaldırmaqda ittiham etmək niyyətimiz yoxdur. Çünki onların işi elə bundan ibarətdir.
Sadəcə, bu günlərdə “The Washington Post” qəzetində Qubad İbadoğlu ilə bağlı dərc olunmuş redaksiya məqaləsinə, xüsusilə də “İbadoğlu düzgün sual verir ki, neft sərvəti niyə ölkəni rifaha və ya demokratiyaya aparmayıb” fikrinin üzərindən ona istehza etmədən keçmək olmur. “The Washington Post” qəzetinin Azərbaycanın neft sərvətinin dərdini çəkməsi adamı lap güldürür. Çünki amerikalı jurnalistlər, nədənsə, bu sualı işğal edilmiş İraqın neft sərvətini sümürən ABŞ administrasiyasına ünvanlamır. Məsələn, soruşmur ki, “Ey, Ağ Ev, niyə İraqın neft sərvəti iraqlıları rifaha və ya demokratiyaya aparmır?”.
Bunu biz demirik, Avropa Birliyinin “Euronews” telekanalı söyləyir. Gəlin, “Euronews”un 20 mart 2023-cü il tarixli “İraq 20 il sonra: Heç kim fəlakətin böyüklüyünü təsəvvür etmirdi” sərlövhəli reportajına (https://ru.euronews.com/2023/03/20/iraq-20-years-after) nəzər salaq.
Həmin reportajda ABŞ-ın İraqı işğal etməsindən keçən 20 il ərzində ölkədə hökm sürən mövcud durumdan bəhs edilib. Bildirilib ki, ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra ölkənin bir çox problemləri nəinki həll olunmayıb, əksinə, daha da pisləşib.
“Neftin rekord qiymətindən əldə edilən milyardlarla dollar xaricə gedir, ölkənin bəzi regionları faktiki surətdə paytaxtın nəzarətindən kənarda qalır və davamlı olaraq sabit hökumət yaradıla bilmir. Milyonlarla iraqlı gənc işsizdir və gələcəyi təsəvvür etməkdə çətinlik çəkir”, – deyə “Euronews” diqqətə çatdırır.
Heyrət! Son 30 il ərzində Azərbaycan torpaqlarının erməni faşistləri tərəfindən quldurcasına işğal edilməsinə, 1 milyona yaxın azərbaycanlının fundamental hüquqlarının vəhçicəsinə tapdanmasına, minlərlə azərbaycanlının yaşamaq hüququnun (oxu: qətlə yetirilməsinə) əlindən alınmasına, erməni cəlladları tərəfindən əsir götürülmüş minlərlə azərbaycanlının taleyinin naməlum qalmasına biganə olan “The Washington Post” neft sərvətimizin bizə rifah və demokratiya gətirmədiyinin dərdini çəkirmiş?!
Yoxsa 1 milyonadək azərbaycanlının hüququ fundamental insan hüquqlarına daxil deyil?! Məgər bizim 1 milyona yaxın azərbaycanlımızın həyatı əhəmiyyət kəsb etmir?!
Bəlkə “The Washington Post”un redaksiya heyətinin bu faktlardan xəbəri olmayıb. O zaman amerikalı jurnalistlərin vaxtilə ABŞ-ın müxtəlif universitetlərində çalışmış azərbaycanlı müxalifətçilərə belə sual ünvanlaması lazımdır: “Nədən siz ABŞ-da “Azerbaijanis Live Matter” şüarı ilə küçələrə çıxmamısınız və Azərbaycanın neft sərvətinin ölkəni rifaha və ya demokratiyaya aparmadığını özünə dərd edən “The Washington Post”u həmin yürüşə dəvət etməmisiniz?!”.
Yalnız bu zaman biz “The Washington Post”un səmimiliyinə inanardıq. Biz artıq ötən əsrin 90-cı illərində sadəlövhcəsinə “The Washington Post”a inanan adamlar deyilik…
Azərbaycanın Qarabağ uğrunda haqq savaşı bizi dəyişdi. Artıq biz demokratiyanın üzünə də, astarına da yaxşı bələdik. Odur ki, “The Washington Post” “A” deyəndə, ardınca hansı hərfin gələcəyini əla dərk edirik. Daha hərif deyilik…
Xatirə SADİQ,
KONKRET.az
