“İdrak” liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib – İTTİHAMbackend

"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM

Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Şəhla Kamilova də iştirak edib.

O, anket məlumatları dəqiqləşdirilən zaman “İdrak” liseyində riyaziyyat müəllimi işlədiyini deyib.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə bir neçə vəsatət verib. O müvəkkilinin yanında əyləşməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

Vəkilin növbəti vəsatəti prosesin qapalı olması ilə bağlı olub. O, vəsatəti media nümayəndələrinin verdiyi informasiyalarla əlaqələndirib.

Vəkil bildirib ki, mətbuatda iş barədə məlumat verilir və rəylərdə geniş müzakirə olunur. Müdafiəçi bildirib ki, ailənin bundan başqa iki övladı da var. Bu məlumatlar onlara da təsir edir. Tərəflər vəsatətə etiraz etməyib.

Məhkəmə hazırkı mərhələdə işin qapalı keçirilməsinə zərurət olmadığı qərarına gəlib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib. O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.

Təqsirləndirilən özünü qismən təqsirli bilib. O, müəllimi öldürmək məqsədinin olmadığını deyib.

Növbəti iclas iyulun 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*