Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Samir Əbdülovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə ictimai qaydanı kobud şəkildə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib və bu zaman silah qismində istifadə etdiyi əşya ilə zərərçəkmiş Salman Səfərova (soyadı şərtidir) xəsarət yetirib.
Hadisə bu il 13:30 radələrində Gəncə şəhərində yerləşən “Böyük Ucuzluq” ticarət mərkəzinin qarşısındakı dayanacaqda baş verib.
Həmin ərazi müştərilərin avtomobillərini park etmələri üçün nəzərdə tutulmuş ictimai yerdir.
Həmin vaxt orada qeyri-rəsmi parklanma nəzarətçisi kimi işləyən Salman Səfərovla Samir Əbdülov arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onu həmin ərazidən uzaqlaşdırmaq istəməsini bəhanə edib. Daha sonra heç bir əsaslı səbəb olmadan mübahisəni davam etdirərək ictimai qaydanı kobud şəkildə pozan hərəkətlərə yol verib.
İttihamda qeyd olunur ki, Samir Əbdülov ətrafdakı insanların olmasına baxmayaraq özünü digər şəxslərdən üstün tutaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib və insanlar arasında formalaşmış birgə yaşayış qaydalarını pozub.
Arınca mübahisə fiziki qarşıdurmaya çevrilib.
Məlumata görə, Samir Əbdülov əvvəlcədən yaşadığı mənzildən götürərək cibində saxladığı mətbəx bıçağından istifadə edib. O, həmin bıçaqla Salmanın sol qol nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə zərərçəkmiş şəxsin sol said nahiyəsində deşilmiş-kəsilmiş yara əmələ gəlib.
Lakin hadisə bununla yekunlaşmayıb.
Samir daha sonra bıçaqla Salmanın qarın nahiyəsinə bir dəfə zərbə vurub. Həmin zərbə nəticəsində qarın nahiyəsinin sol yan səthindən daxilə keçən və mədənin cırılması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara yaranıb.
Bu xəsarət yetirildiyi andan insan həyatı üçün təhlükəli hesab edilən və dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət kimi qiymətləndirilib.
