Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” İşçi qrupunun növbəti iclası keçirilib. “Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi və cari dövr ərzində görülmüş işlərə dair təqdimat” mövzusunda keçirilən tədbirdə dövlət qurumları və özəl sektorlardan olan nümayəndələr iştirak ediblər.
KONKRET.az xəbər verir ki, iclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, İşçi qrupun rəhbəri Namiq Hümmətov ötən illər ərzində tikintiyə icazələrin verilməsi prosesində edilən mühüm dəyişikliklər və bu məqsədlə yaradılan elektron icazə portalından, həmçinin qurumlararası əlaqələrin əhəmiyyətindən danışıb. Cari ilin 6 ayı ərzində bütün növ obyektlərin tikinti və istismarına icazə prosesinin artıq yalnız elektron qaydada, Komitə tərəfindən yaradılan “Bir Pəncərə” prinsipi əsasında aparıldığını qeyd edib. Komitə rəsmisi 2024-cü ilin ilk yarımilliyində ölkə üzrə ümumən 43 tikintiyə, 39 istismara icazə və 2143 məlumatlandırma icraatının həyata keçirildiyini diqqətə çatdırıb.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev də çıxış edərək, “Tikintiyə icazələrin verilməsi” İşçi qrupunun 2018-ci ildən etibarən dinamik fəaliyyəti nəticəsində tikinti sektorunda islahatların həyata keçirilməsinə müvəffəq olduğunu qeyd edib. V.Şıxəliyev müvafiq sahədə müasir çağırışlara cavab verən yenilikləri tətbiq etmək məqsədilə yeni Yol Xəritəsinin hazırlandığını diqqətə çatdırıb. Əlavə edib ki, belə bir təqdimatın keçirilməsində məqsəd həm sahibkarların tikinti sektorunda baş verəcək mühüm yeniliklərə hazırlıqlı olmasına, həm də yeni təşəbbüslərin hazırlanmasında biznes nümayəndələri və qeyri-hökumət təşkilatlarının aktiv iştirakına şərait yaratmaqdır.
Tədbirdə daha sonra çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, İşçi qrupun rəhbərinin müavini Read Qasımov “Tkintiyə icazələrin verilməsi sahəsində təkmilləşmələr və kommunikasiya üzrə Yol Xəritəsi”nin prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, proqramda tikinti sahəsində mövcud prosedurların və razılaşdırma mexanizminin təkmilləşdirilməsi, qurumlararası əlaqələrin gücləndirilməsi, məlumatlara əlçatanlığın və tikintiyə dair tələblərin ictimaiyyətə açıqlığının bir mənbədən təmin olunması, qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, habelə gələcəkdə Binaların İnformasiya Modelləşdirilməsinə (BİM) keçidin təmin edilməsi nəzərdə tutulur. R.Qasımov həmçinin Yol Xəritəsinin əsas istiqamətləri, o cümlədən tikinti və istismara icazələrin verilməsi sahəsində şəffaflığın təmin edilməsindən bəhs edib.
Həmçinin son zamanlar ölkə qanunvericiliyində edilmiş dəyişikliklərdən, onların sırasında icazə və məlumatlandırma icraatının elektron qaydada həyata keçirilməsi, mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin elektron qaydada verilməsi, tikinti layihələrinin elektron formada hazırlanması və “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq olunması kimi mühüm yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, iclas iştirakçıları enerji səmərəliliyi və yaşıl tikinti standartlarının tətbiqi, tikinti fəaliyyəti və ekoloji ekspertiza, onlayn dövlət xidmətləri və statistika, tikinti icazələri üzrə qarşılıqlı fəaliyyət kimi mühüm məsələləri də müzakirə ediblər.