Şəkərli içkilərin sağlamlığa təsiri ilə bağlı müzakirələr uzun illərdir davam edir. Mütəxəssislər bildirirlər ki, qazlı, enerji içkiləri və paket şirələrinin müntəzəm istehlakı piylənmə, şəkərli diabet və bir sıra digər xəstəliklərlə yanaşı, bəzi onkoloji xəstəliklərin yaranma riskini də artıran amillər sırasındadır.
Bəs bu içkilərin davamlı istifadəsi həqiqətən xərçəng riskini yüksəldirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, onkoloji xəstəliklər bütün dünyada olduğu kimi Azərbaycanda da sürətlə yayılır:

“Son statistik göstəricilərə əsasən, Azərbaycanda hər gün onlarla insana xərçəng diaqnozu qoyulur. Onkoloji xəstəliklərin yaranmasında müxtəlif səbəblər rol oynayır. Aparılan araşdırmalar göstərir ki, bu xəstəliklərin formalaşmasının təxminən 50-60 faizi qidalanma amilləri ilə əlaqəlidir. Fast-food məhsulları, piylənmə, qazlı və enerji içkilərinin müntəzəm istehlakı risk faktorları arasında yer alır”.
Onun sözlərinə görə, enerji içkiləri və paket şirələrinin davamlı istifadəsi artıq çəkinin yaranmasına səbəb olur ki, bu da bir sıra xərçəng növlərinin inkişaf ehtimalını artırır:
“Bu məhsulların həddindən artıq qəbulu bağırsaqların selikli qişasına mənfi təsir göstərir. Artıq çəki nəticəsində orqanizmdə hormonal balans pozulur, xüsusilə insulin mübadiləsində problemlər yaranır. Bu isə mədəaltı vəzi xərçəngi üçün risk yaradan amillərdəndir”.
Həkim əlavə edib ki, piylənmə qadınlarda daha çox rast gəlinən süd vəzi xərçənginin inkişaf riskini də yüksəldir:
“Şirin və qazlı içkilərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur. Bu məhsullar həm immun sistemini zəiflədir, həm də şəkərli diabet hallarının artmasına səbəb olur. Nəticədə orqanizmdə müxtəlif xəstəliklərin, o cümlədən onkoloji problemlərin yaranma ehtimalı yüksəlir”.
Mütəxəssis sağlam qidalanma vərdişlərinin formalaşdırılmasının, şəkərli içkilərin istehlakının məhdudlaşdırılmasının və fiziki aktivliyin artırılmasının xərçəng daxil olmaqla bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayır.
Aynurə İsmayıl
KONKRET.az
