Şəhərlərin və yaşayış məntəqələrinin təmiz saxlanılması hər bir vətəndaşın üzərinə düşən mühüm məsuliyyətlərdən biridir. Lakin bəzi hallarda məişət tullantılarının xüsusi ayrılmış qablardan kənara atılması həm ətraf mühitin çirklənməsinə, həm də sanitariya problemlərinin yaranmasına səbəb olur.
Bəs qanunvericilik belə hallara yol verən şəxslər üçün hansı məsuliyyəti nəzərdə tutur?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə tənzimlənir.

“Məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılmasına görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər üçün isə 4000 manat məbləğində inzibati cərimə nəzərdə tutulur.
Eyni pozuntu bir il ərzində yenidən törədilərsə, məsuliyyət daha da ağırlaşır. Bu halda fiziki şəxslər 1000 manat cərimə edilir, vəzifəli şəxslər üçün isə cərimənin məbləği 1500 manatdan 2000 manatadək artır”.
Fuad Məmmədov vurğulayıb ki, qanunvericilik müəyyən hallarda vəzifəli şəxslər barəsində alternativ sanksiya da nəzərdə tutur.
“Belə ki, pozuntunun xarakteri və hüquqpozanın şəxsiyyəti nəzərə alınaraq, onlar 60 saatdan 100 saatadək ictimai işlərə cəlb edilə bilərlər. Hüquqi şəxslər tərəfindən törədilən təkrar pozuntulara görə isə 5000 manatdan 7000 manatadək cərimə tətbiq olunur”.
Mütəxəssis vətəndaşları ətraf mühitin qorunmasına məsuliyyətlə yanaşmağa və tullantıları yalnız bunun üçün nəzərdə tutulmuş yerlərə atmağa çağırıb. Bu qaydalara əməl olunması həm şəhər mühitinin təmiz saxlanılmasına, həm də ekoloji təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
Aynurə İsmayıl
KONKRET.az
