Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla neft məhsullarının tədarükü sahəsində ticarət-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası sazişin ratifikasiyası haqqında qanuna imza atıb.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Saziş Avrasiya İqtisadi Birliyinin (AİB) Əmtəə Nomenklaturasının 27-ci qrupuna daxil olan malların (neft, elektrik enerjisi, təbii qaz və kömür istisna edilməklə) tədarükü üçün iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın şərtlərini müəyyən edir.
Sənədə uyğun olaraq, Ermənistan və Qazaxıstan sənədin qüvvəyə minməsindən sonra malların siyahısını təsdiq edirlər. Bundan əlavə, hər iki ölkənin səlahiyyətli orqanları hər il dekabrın 1-dək bu malların istehsalı, daxili istehlakı, tədarükü, idxalı və ixracı balansını, o cümlədən AİB-in Əmtəə Nomenklaturasına daxil olan malların Qazaxıstan və Rusiyadan Ermənistana tədarük həcmini tərtib edirlər.
AİB haqqında Müqavilənin 28-ci maddəsinə uyğun olaraq ixrac edilən mallardan gömrük rüsumları tutulmayacaq. Onlar, həmçinin Ermənistan ərazisindən üçüncü ölkələrə və AİB dövlətlərinə ixrac edilə bilməz.
Roman Göytürk,
KONKRET.az
