ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərindən sonra Kim Kardaşyandan inciyib. Buna səbəb Kardaşyanın Baydenə səs verməsidir.
KONKRET.az xəbər verir ki, Trampın realiti-şou ulduzu ilə telefon danışığı Conatan Karlın “Qalib gəlməkdən yorulduq” kitabında yer alıb.
Bildirilib ki, Kardaşyan 2018-ci ildə həbsxana islahatını müzakirə etmək üçün Trampla bir araya gəlib. Görüşdən bir neçə gün sonra Tramp qeyri-zorakı narkotik və çirkli pulların yuyulması ittihamı ilə ömürlük həbs cəzası çəkən Alice Consonu əfv edib. Tramp Kardaşyanın istəklərini dinləyib və birbaşa əməl edib.
Tramp 2021-ci ildə Ağ Evi tərk etdikdən sonra Kardaşyan digər əfv cəhdləri üçün keçmiş prezidentlə əlaqə saxlayıb. Lakin bu zaman Tramp onun xahişini rədd edib. “Siz Baydenə səs verdiniz və indi məndən yaxşılıq istəyirsiniz?” deyə Tramp qəzəblə telefonu bağlayıb.
Karl, Kardaşyanın 2020-ci il Ağ Ev namizədini heç vaxt açıq şəkildə dəstəkləmədiyini qeyd etsə də, noyabr seçkilərindən bir neçə gün sonra sosial mediada prezident seçilmiş Bayden və Kamala Harrisin fotosuna ürək emojiləri yerləşdirib.
Kardaşyan hər iki siyasi partiyanı dəstəklədiyini dilə gətirib: “Mən demokratların təbliğ etdiyi hüquqlara inanıram, amma respublikaçıların görmək istədiyi vergi sistemini də dəstəkləyirəm.
Trampın sözçüsü Karlın kitabını tənqid edərək deyib: “Bu çirkab ya kitab mağazasının fantastika bölməsindəki endirim qutusuna atılmalı, ya da tualet kağızı kimi istifadə olunmalıdır”.
Günel Mikayılova,
KONKRET.az