Tramp Xameneinin şərtlərini qəbul edib sülhə razılaşa bilər – YENİ GƏLİŞMƏbackend

Tramp Xameneinin şərtlərini qəbul edib sülhə razılaşa bilər - YENİ GƏLİŞMƏ

ABŞ və İran arasında yenidən başlayan danışıqlar, xüsusilə Hörmüz boğazı ətrafında irəli sürülən şərtlər fonunda beynəlxalq diqqəti üzərinə çəkib. Vaşinqtonun Tehranın tələblərinə hansı həddə qədər güzəştə gedə biləcəyi, həm regional təhlükəsizlik, həm də enerji marşrutlarının gələcəyi baxımından mühüm müzakirə mövzusuna çevrilib.

Görəsən, ABŞ İranın bu şərtlərini qəbul edərək qarşılıqlı razılaşmaya gedə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran arasında İslamabadda danışıqların ikinci raundu başlayıb və tərəflər ikitərəfli müzakirələr aparacaq.

Politoloq Məhəmməd Əsədullazadə: "İran ABŞ-ni quru əməliyyatlarına cəlb  etməyə çalışır ki, "qonaqlar"a FPV dronları ilə zərbə endirsin"

Politoloqun sözlərinə görə, atəşkəs müddətinin bu gün başa çatması fonunda İranın ali dini rəhbərliyinin danışıqların aparılması ilə bağlı göstəriş verməsi prosesin əhəmiyyətini artırır.

“ABŞ ümumilikdə Hörmüz boğazında azad naviqasiyanın təmin olunmasını tələb edir. Eyni zamanda Vaşinqton İran gəmilərinə qarşı müəyyən blokada tədbirləri tətbiq edib. Qarşılıqlı şəkildə bu məhdudiyyətlərin aradan qaldırılması mümkündür. İranın çıxış yolu yoxdur, ölkə ciddi iqtisadi zərbələrlə üzləşib və nəticə etibarilə anlaşmaya getməyə məcbur ola bilər”, – deyə o, bildirib.

M.Əsədullazadə qeyd edib ki, nüvə məsələsi ilə bağlı artıq müəyyən razılaşmalar mövcuddur və ikinci görüşdə ciddi nəticələr əldə olunmasa belə, danışıqların davam etməsi və atəşkəsin qorunması müsbət siqnaldır.

Onun fikrincə, bu proses dayanıqlı atəşkəsə və uzunmüddətli münasibətlərin formalaşmasına zəmin yaradacaq.
“İslamabad görüşü baş tutarsa, müəyyən razılaşmalar əldə oluna bilər. ABŞ İrana qarşı blokadanı aradan qaldırarsa, İran da Hörmüz boğazında məhdudiyyətləri yumşaldacaq”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*