Faciə təxminən dörd ay əvvəl Diyarbəkir vilayətində baş verib. Üç yaşlı qızcığı sahibsiz pişik dodağından dişləyib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, əvvəlcə uşaq xəstəxanada müayinə olunub və evə buraxılıb. Yara sağaldığı üçün valideynlər hadisəyə ciddi əhəmiyyət verməyiblər.
Lakin quduzluq virusu sinir sistemi vasitəsilə beyinə doğru yayılmağa davam edib. Təxminən dörd aylıq inkubasiya dövründən sonra vəziyyət qəfil pisləşib. Avqustun 10-da uşağın halı ağırlaşıb, o, təcili xəstəxanaya yerləşdirilib. Bir neçə gün sonra aparılan analizlər quduzluq diaqnozunu təsdiqləyib.
Hazırda xəstəlik ağır mərhələyə keçib. Uşaq intubasiya olunub və süni tənəffüs aparatına qoşulub. Həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər.
Virus aşkar edildikdən sonra bölgədə karantin tədbirləri tətbiq olunub. Sahibsiz heyvanlar yoxlanış və peyvənd üçün tutulur. Yerli sakinlərə və turistlərə isə küçədəki pişik və itlərə toxunmamaq tövsiyə olunur.
Ağagül Mürsəlov,
KONKRET.az
