Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidenti Canni İnfantinonu könüllü şəkildə istefa verməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, UEFA rəhbəri istefa verməyəcəyi təqdirdə ona qarşı etimadsızlıq səsverməsinin (no-confidence vote) başlanacağı ilə bağlı xəbərdarlıq edib.
Nəşrin yazdığına görə, UEFA-ya üzv olan 55 assosiasiyanın hamısı Canni İnfantinonun vəzifədən uzaqlaşdırılması təşəbbüsünü dəstəkləməyə hazırdır.
Qeyd edək ki, son günlər FİFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini satmaq planları ilə bağlı xəbərlər geniş müzakirələrə səbəb olub. Bu təşəbbüs UEFA və milli assosiasiyalar tərəfindən tənqid olunub.
Daha sonra İnfantinonun həmin planlardan imtina etdiyi barədə məlumat yayılıb.
Xatırladaq ki, Canni İnfantino 2016-cı ildən FİFA prezidenti vəzifəsini icra edir və daha əvvəl gələn ilin martında keçiriləcək seçkidə yenidən namizəd olacağını açıqlamışdı.
