Ukrayna hərbçiləri Xarkov vilayətində Verxnya Rohanka, Ruska Lozova, Slobidske və Prilesne yaşayış məntəqələrinə nəzarəti bərpa ediblər.
KONKRET.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının saat 18:00-a olan hesabatında deyilir.
Qeyd olunur ki, Rusiya hərbçiləri Slobojanski istiqamətində Xarkov şəhərinə aviazərbələr və artilleriya zərbələri endirməkdə davam edir. Bundan əlavə, qarşı tərəf İzyum-Barvenkovo və İzyum-Slavyansk istiqamətlərində hücuma cəhd edir.
“Rusiya hərbçiləri həm Xarkov vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində, həm də Belqorod vilayətində, Ukraynanın dövlət sərhədinin bilavasitə yaxınlığında qüvvə və vasitələri cəmləşdirməkdə davam edir”, – məlumatda deyilir.
