ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Rusiya Federasiyasına Amerika silahları ilə zərbələr endirilməsinin qadağan edilməsini tənqid edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, spiker Qərbin silahı ilə Rusiya ərazisinin vurulmasına qarşı çıxılmasını “yanlış siyasət” adlandırıb.
Kuluarda irəliləyərkən jurnalistlərin suallarına cavab verən Nümayəndələr Palatasının sədri deyib ki, Ukraynanın səylərinə “mikro səviyyədə” nəzarət etmək cəhdləri ABŞ üçün “çox yaxşı siyasət deyil”.
“Düşünürəm ki, Ukraynaya müharibəni özlərinin uyğun gördüyü şəkildə aparmasına icazə verilməlidir. Onlar cavab verə bilməlidirlər”, – Conson vurğulayıb.
Qeyd edək ki, hazırda rəsmi Kiyev bu qadağanın aradan qaldırılmasına çalışır. Mayın əvvəlində Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün Britaniya silahlarından istifadə edə bilər.
Ukraynanın əsas silah tədarükçüsü ABŞ isə qadağanı aradan qaldırmaq istəmir. Bu yaxınlarda bir qrup konqresmen müdafiə naziri Lloyd Ostinə müraciət edərək, Ukraynanın Rusiyaya Amerika silahları ilə hücum etməsinə icazə verilməsini istəyib.
Xatirə SADİQ,
KONKRET.az
