“Universitetdə təhsil almağa layiq deyilsən, amma pulun varsa gəl, keç yuxarı başa” – Azər Cabbarovbackend

"Universitetdə təhsil almağa layiq deyilsən, amma pulun varsa gəl, keç yuxarı başa" - Azər Cabbarov

Azər Cabbarov

Hazırda abituriyentlər tərəfinndən universitetlərə qəbul üçün seçim edilir, kodlaşdırma aparılır. Gənclərimiz çox həyəcanlı günlər yaşayırlar. Diqqəti çəkən ilk məqam dövlət sifarişi, yəni ödənişsiz yerlərin çox az olması müqabilində ödənişli universitet fakultələri və ixtisas sayının hədsiz dərəcədə çoxluq təşkil etməsidir.

Dövlət universitetlərində, yəni xərcləri, texniki və madii məsrəflərinin Azərbaycan xalqı hesabına qarşılanan, dövlət büdcəsindən ayrılan ali məktəblərdə təhsil azərbaycanlılar üçün niyə ödənişli olmalıdır axı? Özəl universitetlərin adı üstündədir. Bu müəssisələr biznes qanunları əsasında fəaliyyət göstərən kommersiya strukturlarıdır. Dövlət universitetlərində isə təhsilin pullu olması əsl absurddur. Deyə bilərsiniz ki, dövlət universitetlərinə yüksək bal toplayaraq ödənişsiz də qəbul olmaq mümkündür.

Doğrudur, bu zaman belə çıxır ki, aşağı bal toplamış abituruyentlərə universitetlər yalnız gəlir mənbəyi kimi baxır: Onda “Universitetdə təhsil almağa layiq deyilsən, amma pulun varsa gəl, keç yuxarı başa” məntiqi işə düşür. Əgər bu gənclərin bilik səviyyəsi, topladıqları ballar ali məktəbdə oxumağa imkan vermirsə, ödəniş ediləndən sonra onların biliyi artırmı? Dövlət universitetləri bu halda pul arxasınnca qaçaraq auditoriyalarını savadsız tələbələrlə doldurmurlarmı? Universitet dövlət hesabına fəaliyyət göstərirsə və özəl deyilsə, əyani bakalavr təhsili üçün azərbaycanlı abityriyentlərdən niyə ödəniş tələb etməlidir? Məgər aşağı bal toplamış abituriyent ödəniş edəndə biliyi artır? Bu məntiq haradan qaynaqlanır?

Qardaş Türkiyədə dövlət universitetlərində hətta xarici abituriyentlər üçün mövcud olan simvolik təhsil qiymətlərindən xəbəriniz varmı? Onu da qeyd edim ki, bu ödənişlərə tələbələrin gündə iki dəfə yeməyi də daxildir. Sonra da yüksək ballar toplamış abituriyentlərin xarici ölkələrdə, xüsusilə də Türkiyədə təhsilə üstünlük verməsini dərd edirsiniz.

Unutmayın ki, xaricə oxumağa gedən gənclərin böyük bir qisminin geri qayıtmaması ehtimalı yüksəkdir. Təhsilimizin bərbad səviyyəsi göz qabağında olmasına rəğmən dövlət universitetlərimizdə təhsil haqqı xarici ölkələrdən qat-qat bahadır.

Bu qiymətləri təyin edən cənabların, görəsən, orta statistik azərbaycanlının gəlirlərindən xəbərləri varmı? Universitetlərdə qiymətlər 1 il üçün 2500 manatdan başlayır və son hədd sirli alqoritmlərlə artaraq fantastik rəqəmlərə çatır. Əziz bu sahəyə məsul şəxslər, bu qiymətlərə Türkiyədə özəl universitetlərdə belə təhsil almaq mümkündür. Məncə, Azıərbaycanda bu həyati əhəmiyyətli məsələyə yenidən baxılmalı, dövlər universitetlərində əyani bakalavr təhsili üçün ödəniş ləğv edilməlidir. Yoxsa bu gedişlə onsuz da, ciddi problemlər yaşayan təhsilimizin sabahı daha qaranlıq rənglərə bürünəcək. Azərbaycan vətəndaşı Azərbaycan dövlətinin universitetlərində pulsuz təhsil almalıdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*