Bakıda metroda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat sıxlığının artması tələbələrin gündəlik gediş-gəlişinə ciddi təsir göstərir. Tələbələrin dərsə vaxtında çatmaq üçün daha erkən saatlarda evdən çıxması və günün əhəmiyyətli hissəsini yolda keçirməsi tədris prosesi ilə yanaşı, onların şəxsi vaxtına da təsir edir.
Bəs mövcud nəqliyyat vəziyyətini nəzərə alaraq, tələbələrin ilin sonuna qədər distant təhsilə keçirilməsi nə dərəcədə əsaslandırılmış addım ola bilər?
KONKRET.az xəbər verir ki, “Yeni Sabah”ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, 23–25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris prosesi distant formada təşkil olunacaq. Nazirlikdən əlavə bildirilib ki, hazırda ali təhsil müəssisələrində tədrisin distant və ya hibrid formada təşkili ilə bağlı əlavə qərar qəbul edilməyib. Məsələ ilə bağlı əlavə qərar və ya məlumat olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək.
Təhsil eksperti Məzahir Məmmədli isə “Yeni Sabah”a açıqlamasında bildirib ki, distant təhsilin şəhərdəki nəqliyyat sıxlığının aradan qaldırılmasına müəyyən təsiri olsa da, problemin tam həlli üçün daha geniş tədbirlər görülməlidir.
Onun sözlərinə görə, son illərdə hər tədris ili başlayanda universitetlərin şəhərdən köçürülməsi və ya təhsilin distant formada təşkili ilə bağlı müxtəlif təşəbbüslər səsləndirilir:
“Distant təhsilin zərərli, həm də faydalı tərəfləri var. Faydalı tərəflərindən biri odur ki, müəyyən sıxlığın qarşısını almağa imkan verə bilər. Həmçinin universitetlərdə auditoriya çatışmazlığı baxımından müəyyən dəstək ola bilər. Ali təhsil müəssisələrində humanitar fənlərin distant keçirilməsi ilə bağlı artıq neçə illərdir müzakirələr gedir. Amma bu məsələ qanunda nəzərdə tutulmadı və Elm və Təhsil Komitəsində də müzakirə olaraq qaldı”.
Ekspert qeyd edib ki, təcrübə tələbələrin distant təhsilə keçirilməsinin şəhərdəki nəqliyyat problemini tam həll etmədiyini göstərir:
“Elm və Təhsil Nazirliyinin son qərarına baxaq. Bakı şəhərində yerləşən universitetlər 23–25 sentyabr tarixlərində distant tədrisə keçəcək. Ancaq şəhərdəki müşahidələr başqa şeyi göstərir. Artıq şəhər infrastrukturunda dəyişiklik etmək lazımdır. Tələbələrin distant təhsilə keçməsi müəyyən qədər təsir göstərə bilər, amma şəhərdəki sıxlığın problemini tam həll edə bilməz”.
M.Məmmədli bildirib ki, xüsusilə bu il ali məktəblərə qəbul olan tələbələr üçün nəqliyyatdakı sıxlıq əlavə çətinliklər yaradır:
“Onların nəqliyyatda itirdikləri vaxt, şəhərdəki sıxlıq dərsə vaxtında çatmamaqla bağlı müəyyən problemlər yaradır. Universitetlərdə artıq qayıb limiti müəyyənləşdirilib. Bu səbəbdən ilin sonunda bəzi tələbələr imtahana buraxılmaya, digərləri isə müəyyən çətinliklərlə qarşılaşa bilərlər”.
Ekspertin fikrincə, nəqliyyat sıxlığının azaldılması üçün ali təhsil müəssisələrinin dərs qrafiklərinin fərqli saatlara salınması da mümkün variantlardan biridir:
“Məsələn, Elmlər Akademiyası ətrafında bir neçə böyük ali təhsil müəssisəsi, kollec və ümumtəhsil məktəbi yerləşir. Ümumtəhsil məktəblərinin dərs qrafikini dəyişmək mümkün olmasa da, kollec və ali təhsil müəssisələri üçün bu mümkündür. Məsələn, Texniki Universitet, Bakı Dövlət Universiteti və İnşaat Universitetinin dərsləri bir saat fərqlə başlaya bilər. Biri səhər saat 08:00-da, digəri 09:00-da, digəri isə 10:00-da dərsə başlaya bilər. Bu cür yanaşma metro ətrafındakı sıxlığın qarşısını almağa imkan verər”.
M.Məmmədli hesab edir ki, digər variant dəqiq elmlər və texniki fənlər istisna olmaqla müəyyən dərslərin distant formada keçirilməsidir. Onun sözlərinə görə, bu yanaşma həm metroda aparılan işlər başa çatanadək, həm də ümumilikdə şəhərdə və universitetlərdə yaranan sıxlığın azaldılmasına kömək edə bilər.
