Universitetlərdə iş rejimi dəyişir? – Yeni şərtlər açıqlandıbackend

Universitetlərdə iş rejimi dəyişir? - Yeni şərtlər açıqlandı

Universitetlərdə inzibati və akademik heyət üçün eyni iş rejiminin tətbiqi düzgün yanaşma olmaya bilər.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bunu iqtisadçı Elşən Bağırzadə bildirib.

Onun sözlərinə görə, inzibati heyətin fəaliyyəti əsasən tələbə və müəllimlərə xidmət, sənədləşmə, maliyyə, insan resursları və texniki təminat kimi proseslərin fasiləsiz həyata keçirilməsi ilə bağlıdır. Bu baxımdan həmin əməkdaşların müəyyən saatlarda iş yerində olması və iş vaxtının uçotunun aparılması məntiqlidir.

İqtisadçı qeyd edib ki, akademik heyətin fəaliyyəti isə fərqli xarakter daşıyır. Professorun işi yalnız auditoriyada dərs keçməklə məhdudlaşmır. Dərsə hazırlıq, tələbə işlərinin yoxlanılması, elmi məqalə və kitabların hazırlanması, tədqiqatların aparılması, layihələrdə iştirak, elmi rəhbərlik, konfrans və seminarlarda iştirak, ekspert fəaliyyəti, dövlət və özəl sektorla əməkdaşlıq da akademik fəaliyyətin tərkib hissəsidir.

“Bunların əhəmiyyətli hissəsi kabinetdə deyil, kitabxanada, laboratoriyada, arxivdə, şirkətdə, dövlət qurumunda, başqa universitetdə, konfransda, sahə tədqiqatında və ya evdə həyata keçirilir. Elə buna görə akademik fəaliyyətə nəzarətdə əsas sual “saat 09.00-da iş yerində idimi?” deyil, “üzərinə düşən akademik öhdəlikləri yerinə yetirdimi və hansı nəticələri yaratdı?” olmalıdır”, – deyə E.Bağırzadə vurğulayıb.

O bildirib ki, Azərbaycan universitetlərində bir şəxsin eyni zamanda həm inzibati vəzifə tutması, həm də professor-müəllim kimi akademik fəaliyyət göstərməsi ayrıca problem yaradır.

İqtisadçının sözlərinə görə, belə əməkdaşdan inzibati vəzifəsinə görə 09:00–18:00 iş yerində fiziki iştirak tələb edilirsə, onun elmi məqalə yazması, tədqiqat aparması, seminarlarda iştirakı, dövlət qurumları və şirkətlərlə layihələr üzrə görüşlər keçirməsi və universiteti konfranslarda təmsil etməsi üçün vaxt məsələsi ortaya çıxır.

“Belə vəziyyətdə maraqlı institusional paradoks yaranır: universitetlə bağlanmış bir əmək müqaviləsinin icra qaydası həmin universitetlə bağlanmış digər əmək müqaviləsinin normal icrasına mane olmağa başlayır”, – deyə o qeyd edib.

E.Bağırzadə hesab edir ki, akademik heyətə nəzarət tamamilə aradan qaldırılmamalıdır. Lakin burada əsas meyar iş yerində fiziki iştirak deyil, akademik iş yükü və nəticələr olmalıdır.

O qeyd edib ki, dərs yükü, tələbələrlə iş, elmi nəşrlər, tədqiqat layihələri və qrantlar, elmi rəhbərlik, beynəlxalq əməkdaşlıq, dövlət və özəl sektorla əlaqələr, ekspert və ictimai fəaliyyət akademik əməyin müxtəlif formaları kimi nəzərə alınmalıdır.

İqtisadçı həm inzibati, həm də akademik vəzifə daşıyan əməkdaşlar üçün hibrid iş modelinin tətbiqini təklif edib. Onun fikrincə, inzibati vəzifə müəyyən əlçatanlıq və iş yerində iştirak tələb edə bilər, lakin akademik fəaliyyət üçün də zaman və məkan baxımından çeviklik yaradılmalıdır.

“Universitet zavod və ya klassik dövlət idarəsi deyil. Onun əsas məhsulu bilik, tədqiqat, təhsil, innovasiya və cəmiyyətlə əlaqədir. Ona görə də müasir universitet üçün daha məntiqli model inzibati işdə proses, əlçatanlıq və nəticə; akademik işdə isə öhdəlik, iş yükü və nəticədir”, – deyə E.Bağırzadə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*