“Uşaqları ideoloji alətə çevirməyin!” – Bu görüntülər etirazlara səbəb oldu \ VİDEObackend

"Uşaqları ideoloji alətə çevirməyin!" - Bu görüntülər etirazlara səbəb oldu \ VİDEO

Sosial şəbəkələrdə azyaşlı uşaqların böyüklərə məxsus radikal, ideoloji və ya ağır dini ritualların içərisinə sürüklənməsini əks etdirən görüntülər geniş müzakirələrə və haqlı narazılığa səbəb olub.

KONKRET.az xəbər verir ki, son günlər paylaşılan kadrlarda bir qrup azyaşlı uşağın əllərində bayraqlar, başlarında dini şüarlar yazılmış lentlər bağlayaraq sinə vurduqları və müxtəlif mərasimlərdə iştirak etdikləri görünür. Uşaqların hələ formalaşmamış psixologiyasına və yaşlarına uyğun gəlməyən ağır ideoloji yüklü rituallara cəlb olunması sosial şəbəkə istifadəçiləri və cəmiyyət tərəfindən sərt şəkildə qınanıb.

Mütəxəssislərin və vətəndaşların fikrincə, uşaq təbiətin insana bəxş etdiyi ən saf, ən təmiz möcüzədir. Körpənin beyin hüceyrələri hələ həyatın sərt reallıqlarını, ideologiyaların qaranlıq labirintlərini dərk edəcək səviyyədə formalaşmadığından, onlar yalnız gördüklərini təqlid edirlər. Lakin valideynlərin və ya müəyyən qrupların bu səmimiyyətdən sui-istifadə edərək uşaqları öz siyasi və ya dini maraqlarının canlı alətinə çevirməsi qətiyyən yolverilməzdir.

Əllərinə bayraqlar verib onları küçələrə tökmək, dillərində hələ mənasını belə anlamadıqları şüarlarla sinə vurdurmaq uşaq psixologiyasına vurulan sağalmaz yaradır. Təəssüf ki, bəzi dairələr öz ambisiyalarını həyata keçirmək üçün uşaqları belə qurban verməkdən çəkinmirlər.

Unutmaq olmaz ki, uşaq yetişdirmək cəmiyyətin gələcəyini inşa etmək deməkdir. Əgər biz uşaqlıq illərindən onların şüurunu qorxular, radikal çağırışlar və aqressiv kütləvi hərəkatlarla zədələsək, sabah həmin uşaqlardan sağlam düşüncəli, azad ruhlu vətəndaş gözləyə bilmərik.

Hər bir uşağın hüququ var ki, o, məktəbdə oxusun, parkda qaçıb oynasın, nağıllar dinləsin və uşaqlığını yaşasın. Onun hələ oyuncaqla oynamalı olduğu yaşda ağır ideoloji yükün altına salınması cəmiyyətimizin gələcəyinə qoyulmuş ən böyük təhlükədir.

Valideynlər, cəmiyyətin fəal üzvləri və aidiyyəti qurumlar bu məsələdə həyəcan təbili çalmalı, azyaşlıların bu cür aksiyalara və rituallara alət edilməsinin qarşısını almalıdırlar.

Uşaqların əlinə silah, bayraq və ya radikal şüarlar deyil, kitab verək, qələm verək. Qoy onlar gələcəyin savadlı, azad düşüncəli və xoşbəxt fərdləri kimi böyüsünlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*