Uzunömürlülük haqqında heyrətamiz qaydalarbackend

Uzunömürlülük haqqında heyrətamiz qaydalar

Doktor Şiqeaki Hinohara — Yaponiya­nın uzunömürlülüyünə töhfə verən insanlardan biridir. O özü də inanılmaz dərəcədə aktiv qocalığın nümunəsi idi: 75 yaşından sonra 150 kitab yazıb nəşr etdirib (onun ən məşhur əsəri olan «Uzun yaşa, yaxşı yaşa» kitabı 1,2 milyon nüsxə satılıb), 100 yaşından sonra isə insanları müalicə etməyə və mühazirələr oxumağa davam edib. Şiqeaki Hinohara uzunömürlülüklə bağlı öz qaydalar toplusunu hazırlayıb. Onlardan bəziləri olduqca gözlənilməzdir.

Doktor Hinoharanın uzunömürlülük qaydaları

1\. İnsan enerjini yeməkdən və ya yuxudan deyil, əyləncədən alır.

Xatırlayın, uşaqlıqda əylənəndə yemək yeməyi unudurduq, yuxuya da ehtiyac hiss etmirdik. Böyüklərdə də eyni vəziyyətdir. Qida qəbulu və yuxu üçün özünüzə həddindən artıq sərt rejim tətbiq etməklə bədəninizi yormayın.

2\. İstənilən irqə, milliyyətə və ya cinsə mənsub insanlar uzun ömür sürə bilər.

Onları birləşdirən yalnız bir xüsusiyyət var: uzunömürlülər arasında kök insan yoxdur.

Mən, məsələn, səhər yeməyində qəhvə, süd və ya bir qaşıq zeytun yağı əlavə edilmiş portağal şirəsi içirəm. Zeytun yağı damarlar və dəri üçün faydalıdır. Nahar vaxtı süd və peçenye yeyirəm. Əgər çox məşğulamsa, heç nə yemirəm. İşləyərkən ümumiyyətlə aclıq hiss etmirəm. Axşam yeməyim tərəvəz, bir qədər balıq və düyüdən ibarətdir. Həftədə iki dəfə 100 qram yağsız ət yeyirəm.

3\. Həmişə uzaq gələcək üçün planlar qurun.

Mənim gündəliyim adətən gələn ilin sonuna qədər tamamilə dolu olur: pasiyentlərin qəbuluna yazılması, mühazirələr və xəstəxanadakı işlər. Amma 2016-cı ildə bir az əylənmək qərarına gəldim və Tokioda keçirilən Olimpiya Oyunlarına getdim!

4\. Ümumiyyətlə, təqaüdə çıxmaq lazım deyil.

Amma bundan qaçmaq mümkün deyilsə, çalışın ki, bunu mümkün qədər gec edəsiniz.

Bu gün Yaponiyada pensiya yaşı 65-dir. Lakin bu yaş həddi yarım əsr əvvəl, ölkədə orta ömür uzunluğu 68 il olduğu və bütün Yaponiyada 100 yaşını keçmiş cəmi 125 nəfər yaşadığı dövrdə müəyyən edilmişdi. Bu gün isə yapon qadınlarının orta ömür uzunluğu 86, kişilərin isə 80 ildir. 100 yaşını keçən insanların sayı isə 36 min nəfərə çatıb!

5\. Öz biliklərinizi başqaları ilə bölüşün.

Mən ildə 150 mühazirə oxuyuram. Dinləyicilərim məktəbəqədər yaşlı uşaqlardan tutmuş iş adamlarına qədər müxtəlif insanlardır. Mühazirələrim bir saatdan bir saat yarıma qədər davam edir və mən onları ayaqüstə oxuyuram.

6\. Həkim sizə hansısa analiz verməyi və ya əməliyyat keçirməyi tövsiyə edəndə ondan soruşun:

“Bəs siz eyni məsləhəti öz övladınıza, həyat yoldaşınıza və ya digər qohumlarınıza da verərdinizmi?”

Həkimlər bizə nə desələr də, hər şeyi sağalda bilməzlər. Bəs nə üçün əlavə əzablara qatlaşmalıyıq? Bəzən musiqi və ya terapiya heyvanları cərrahi müdaxilədən daha yaxşı kömək edə bilər.

7\. Sağlam qalmaq üçün pilləkənlərlə qalxın və əşyalarınızı özünüz daşıyın.

Mən əzələlərimin işləməsi üçün pilləkənlə qalxarkən bir dəfəyə iki pillə keçirəm.

8\. Robert Braunun “Abbat Foqler” poemasından çox ilham alıram.

Atam bu əsəri mənə uşaqlıqda oxuyardı. Poemada deyilir ki, incəsənətdə və həyatda qarşınıza böyük məqsədlər qoymalısınız.

Əgər dairə çəkmək istəyirsinizsə, o qədər böyük dairə çəkin ki, onu bütün ömrünüz boyu tamamlaya bilməyəsiniz. Biz bu dairənin yalnız bir hissəsini — qövsü görürük. Qalan hissə isə nəzərimizdən və ömrümüzdən kənarda qalır.

9\. Ağrı sirli bir şeydir. Onun öhdəsindən gəlməyin ən yaxşı yolu çox maraqlı bir iş tapmaqdır.

Uşağın dişi ağrıyanda onu hansısa oyuna cəlb etmək lazımdır. O, dərhal ağrını unudacaq.

Xəstəxanalar bunun qayğısına qalmalıdır. Bizim Müqəddəs Luka xəstəxanamızda çoxlu əyləncə var: musiqi, heyvanlar və art-terapiya. Bütün bunlar çox kömək edir.

10\. Mümkün qədər çox maddi sərvət toplamağa çalışmayın.

Unutmayın: heç kim öz saatının nə vaxt çatacağını bilmir. Bütün bunları özünüzlə apara bilməyəcəksiniz.

11\. Xəstəxanalar böyük fəlakətlərə hazır olmalı və qapısını döyən hər kəsi qəbul etməlidir.

Bizim xəstəxanamız elə qurulub ki, zərurət yarandıqda istənilən yerdə — zirzəmidə, dəhlizlərdə, hətta kilsədə belə əməliyyat aparmaq mümkündür.

Əksər insanlar fəlakətlərə hazırlaşdığım üçün dəli olduğumu düşünürdü. Lakin 1995-ci il martın 20-də bütün bunlar çox işə yaradı. Həmin gün “Aum Sinrikyo” təriqəti Tokionun metrosunda terror aktı törətdi.

Amma haqlı olduğum üçün sevinmirəm. Biz 740 zərərçəkəni qəbul etdik və iki saat ərzində bunun sarin qazı olduğunu müəyyənləşdirdik. Təəssüf ki, bir pasiyent həyatını itirdi, lakin 739 nəfəri xilas etdik.

12\. Yalnız elm insanlara kömək etmək iqtidarında deyil.

Elm hamımızı eyni qəlibə salır. Halbuki biz hamımız fərqliyik və xəstəliklər insanın ruhu ilə sıx bağlıdır. Xəstəliyi anlamaq və insana kömək etmək üçün yalnız elm deyil, incəsənət də lazımdır.

13\. Həyat gözlənilməz hadisələrlə doludur.

1970-ci il martın 31-də, 59 yaşım olanda Tokiodan Fukuokaya uçurdum. Səhər hava çox gözəl və günəşli idi. Mən Fudzi dağına tamaşa edirdim ki, təyyarəni “Qırmızı Ordu” kommunist qruplaşmasının üzvləri qaçırdılar.

Növbəti 4 günü 40 dərəcə istidə, kresloya qandallanmış vəziyyətdə keçirdim. Həkim olduğum üçün özümü kənardan müşahidə edirdim və bədənin böhran vəziyyətlərinə necə uyğunlaşdığına heyran qalmışdım.

14\. Özünüzə nümunə seçin və onu geridə qoymağa çalışın.

Atam 1900-cü ildə ABŞ-a, Şimali Karolinadakı Dyuk Universitetində təhsil almağa getmişdi. O, ilk addımı atan insanlardan biri və mənim qəhrəmanlarımdan idi.

Sonralar başqa nümunələrim də yarandı. Çətin vəziyyətə düşəndə öz-özümə soruşuram: “Mənim yerimdə olsaydılar, onlar nə edərdilər?”

15/. Uzun yaşamaq möhtəşəmdir.

60 yaşımıza qədər ailəmizin rifahı naminə çalışırıq və qarşımıza qoyduğumuz məqsədlərə çatmaq bizim üçün asan olur. Lakin bundan sonra bütün cəmiyyətin rifahı naminə çalışmağa səy göstərməliyik.

65 yaşımdan etibarən həftənin yeddi günü, gündə 18 saat pulsuz işləyirəm. Və hər dəqiqəsindən zövq alıram.

Doktor Şiqeaki Hinoharanın son illəri

Tokiodakı Müqəddəs Luka xəstəxanasının prezidenti doktor Şiqeaki Hinohara 18 iyul 2017-ci ildə vəfat edib. O, demək olar ki, ömrünün sonuna qədər pasiyent qəbul edib. Hətta qeyd dəftəri ölümündən beş ay sonrakı tarixlərə qədər dolu olub.

Onun 105 yaşı var idi.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*