Venesiya Komissiyasından Gürcüstan hakimiyyətinə ÇAĞIRIŞbackend

Venesiya Komissiyasından Gürcüstan hakimiyyətinə ÇAĞIRIŞ

Venesiya Komissiyası Gürcüstan hakimiyyətini “Xarici Agentlər haqqında” qanunun indiki variantını ləğv etməyə çağırıb.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, Venesiya Komissiyası belə qənaətə gəlib ki, hazırkı variantı toplaşmaq və ifadə azadlığına, şəxsi toxunulmazlıq hüququna, ictimai işlərlə məşğul olmaq hüququna və ayrı-seçkiliyin qadağan olunmasına müdaxilə edir.

Venesiya Komissiyası bildirib ki, əvvəllər Rusiya Federasiyası, Macarıstan və Qırğızıstandakı xarici agentlərlə bağlı qanunvericiliyi, eləcə də Bosniya və Herseqovinadakı məsələni qiymətləndirib. Komissiya hesab edir ki, Gürcüstanda irəli sürülən qanunda həmin ölkələrin qanunvericiliyi ilə “çox oxşarlıqlar” var.

Komissiya təəssüflə nəzərə çatdırıb ki, qanun “cəmiyyətin böyük bir hissəsinin narahatlığına açıq-aşkar məhəl qoymadan, mahiyyəti üzrə əsl müzakirə və məsləhətləşmələrə yer qoymayan prosedura uyğun qəbul edilib”.

“Gürcü Arzusu” hakim partiyası bəyan edib ki, Venesiya Komissiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanunu tənqid etməsini qəbul etmir.

“Komissiyanın nəticələri paradoksaldır. Venesiya Komissiyasının platformasından peşəkar mühakimələr əvəzinə qərəzli siyasi qiymətləndirmələr üçün istifadə edilib”, – deyə “Gürcü Arzusu”nun ofisində keçirilən brifinqdə parlament üzvü Salome Kurasbediani söyləyib.

Onun sözlərinə görə, komissiyanın rəyi əsassız arqumentlərdən və faktların kobud şəkildə təhrif edilməsindən ibarətdir.

Gürcü mediası Venesiya Komissiyasının rəyinə ilk şərhin hakim partiyanın yüksək vəzifəli şəxslərindən deyil, əvvəllər mediaya açıq olmayan Salome Kurasbedianidən gəldiyini “qəribəlik” adlandırıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*