2023-cü ilin yanvarından etibarən Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis idarələrində qeydiyyatda olan vətəndaşlar qeydiyyatdan çıxarıldı. Nazirlik bu addımın sui-istifadə hallarının qarşısını almaq, yəni prosesin vətəndaşların özü üçün vacib olduğunu bildirdi. Xüsusən də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranması qərarın çıxarılmasına zəmin yaradıb. Dolayısı ilə çıxarışlı evi olsa da, olmasa da, uzun müddət polis orqanlarında qeydiyyatda olan şəxslərin yerini müəyyənləşdirmək çətin olduğu üçün vətəndaşların əksəriyyəti polis orqanlarından qeydiyyatdan çıxarılıb ki, yalnız evi olmayanlar qeydiyyata düşə bilsin. Lakin proses nəticəsində bir çox problemlər yaşandı və insanların əksəriyyəti qeydiyyatsız qaldı. Nəticədə isə bu, vətəndaşların sənədləşmə və bu istiqamətdə zəruri tələblərində əlçatanlığı aşağı saldı.
Mövzunu KONKRET.az-a dəyərləndirən hüquqşünas Emil Aslanov polis idarələrində qeydiyyatda olan şəxslərin bir çoxunun qeydiyyatdan çıxarılmasının səbəbini açıqlayıb: “Əksər vətəndaşların polis idarələrində qeydiyyatda olduqları halda, öz mənzilləri və çıxarışlı evlərinin olduğu müəyyən edildi. Bu səbəbdən də bir çox vətəndaşlar polis idarələrindən qeydiyyatdan çıxarıldılar.
Amma hazırda da qeydiyyata düşə bilməyən şəxslər var və onlar qeydiyyatda olmadıqları üçün şəxsiyyət vəsiqələri deaktiv olub, ona görə də bəzi zəruri məsələlər onlar üçün əlçatanlığını itirib. Amma qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarı ilə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Resublikası Qanununun 5-ci maddəsinin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin təsvirinin müddəaları şərh olunarkən aşağıdakılar qeyd edilmişdir.
Bu o deməkdir ki, Konstitusiya Məhkəməsinin 2-ci bəndində qeyd edilib ki, yaşayış yeri və olduğu yer üzrə Azərbaycan Respublikası Qanununun və onun 5-ci maddəsinin mətni, habelə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin nümunəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin təsvirində vətəndaş haqqında məlumatların sırasında yaşayış yerini, yəni həmin yaşayış yerinin bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinin əsası ola bilməz və bunlar həmin vətəndaşların müvafiq icra hakimiyyəti tərəfindən hansısa orqana, yəni polis idarələrində qeydiyyata alınması həmin qərarda öz əksini tapıb”.
Müsahibimiz həmin qərarda Nazirlər Kabinetinə edilən tövsiyəni xatırladıb: “Tövsiyəyə əsasən, Nazirlər Kabinetinin “yaşayış yeri olmayan vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirmələri və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirə salmadan təşkil etsin” kimi qərarı var. Bu, Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında birbaşa vurğulanıb və Konstitusiya Məhkəməsinin şərhi Azərbaycan Respublikasının digər qanunvericiliklərindən üstündür və digər orqan, təşkilat və ya hər hansı dövlət müəssisəsi tərəfindən başqa cür şərh edilə bilməz”.
Mərahim Nəsib,
KONKRET.az

Qərar varsa da icra olunmur , hətta polis özü də çaş-baş qalıb bu mövzuda.