Bəzən ictimai nəqliyyata minirsiniz, işə gedirsiniz, ailə məclisində iştirak edirsiniz. Ətrafınızdakı insanların söhbətlərinə qulaq asır, nəyə vaxt sərf etdiklərini müşahidə edirsiniz. Ən kiçik məsələlərə görə böyük qalmaqalların yarandığını, yetkin insanların üç abzasdan uzun mətni oxumaqda çətinlik çəkdiyini, mübahisələrdə arqumentlərin iki mənasız şüardan ibarət olduğunu görürsünüz.
İçinizdə qəribə və tənhalıq doğuran bir hiss yaranır: “Görəsən, problem məndədir? Yoxsa dünya həqiqətən də sürətlə ağılsızlaşır?”
Xeyr, siz ağlınızı itirmirsiniz. Sadəcə, ətrafımızda baş verən dəyişiklikləri müşahidə edirsiniz.
Bu, yalnız yaşlı nəslin “Əvvəllər hər şey daha yaxşı idi” deyərək gənclərdən şikayətlənməsi deyil. Rəqəmsal texnologiyaların insanın düşüncə tərzinə, diqqətinə və emosional davranışına təsiri ilə bağlı ciddi müzakirələr mövcuddur.
Bu gün insanlıq bəlkə də tarixdə ən böyük könüllü sınaqlardan birini yaşayır: insanlar getdikcə daha çox zehni funksiyalarını texnologiyalara həvalə edirlər.
Bəs insanları düşünməkdən, dərindən hiss etməkdən və mürəkkəb məsələləri anlamaqdan uzaqlaşdıran əsas amillər hansılardır?
Birinci səbəb: Axtarış və müstəqil düşünmə qabiliyyətinin zəifləməsi
Cəmi 20 il əvvəl insanın gündəlik həyatı indiki ilə müqayisədə daha çox zehni səy tələb edirdi.
Hər hansı suala cavab tapmaq, tanımadığınız ünvana getmək, xarab olmuş əşyanı təmir etmək və ya müəyyən bir faktı xatırlamaq üçün beyninizi işlətməli idiniz. Kitab axtarır, marşrutu yadda saxlayır, təlimatları oxuyur, səhv edir və həmin səhvləri düzəldirdiniz.
İndi isə bu funksiyaların böyük bir hissəsini smartfonlar öz üzərinə götürüb.
Hara dönəcəyinizi naviqator deyir. Yazdığınız cümlənin davamını telefon təklif edir. Axşam hansı filmə baxacağınızı alqoritmlər müəyyənləşdirir. Hətta hansı məlumatla maraqlanmalı olduğunuzu belə sosial şəbəkələr seçir.
Neyrobiologiyada geniş yayılmış bir prinsip var: “İstifadə et, yoxsa itir”.
Beynin məkan istiqamətini müəyyənləşdirməyə, məlumatı təhlil etməyə və uzunmüddətli planlaşdırmaya cavabdeh olan şəbəkələri kifayət qədər işləmədikdə, həmin funksiyaların effektivliyi zəifləyə bilər. Beyin enerjiyə qənaət edən sistemdir. Əgər bütün işləri texnologiya görürsə, insan niyə özü düşünmək üçün əlavə səy göstərsin?
Nəticədə bəzi insanlar hətta bir neçə mərhələdən ibarət məntiqi ardıcıllığı izləməkdə çətinlik çəkirlər.
İkinci səbəb: Sürətli dopamin və dərin diqqətin itirilməsi
İstənilən populyar qısa video platformasını açın. Üç saniyəlik zarafat, ardınca rəqs edən pişik, sonra qalmaqallı görüntü, daha sonra sensasiyalı xəbər…
Hər yeni video diqqəti cəlb edir və beyində mükafat sistemi ilə əlaqəli prosesləri işə salır. İnsan heç bir ciddi zehni səy göstərmədən ardıcıl olaraq yeni stimullar əldə edir.
Belə məzmunların həddindən artıq istehlakı diqqətin idarə edilməsinə və özünü tənzimləmə qabiliyyətinə mənfi təsir göstərə bilər. İnsan beyni sürətli və dəyişkən stimullara alışdıqca, daha çox səbir və konsentrasiya tələb edən fəaliyyətlər ona çətin görünməyə başlayır.
Kitab oxumaq darıxdırıcı gəlir. Mürəkkəb süjetli film uzun və yorucu görünür. Yaxın insanla ciddi söhbət etmək belə bəzən dözülməz dərəcədə sıxıcı təsir bağışlayır.
İnsan uzun mətnləri sona qədər oxumaqda, həmsöhbətini diqqətlə dinləməkdə və bir işə uzun müddət köklənməkdə çətinlik çəkir. Onun diqqəti sanki xırda hissələrə parçalanır və yalnız parlaq, tez dəyişən görüntülərə reaksiya verməyə başlayır.
Özünüzü də yoxlayın: bu gün məqsədsiz şəkildə neçə dəfə telefonunuzu əlinizə alıb sosial şəbəkələrdə gəzdiniz? Heç bir konkret səbəb olmadan lentə baxmaq vərdişiniz varmı?
Üçüncü səbəb: Emosional sadələşmə və aqressiyanın artması
Son illər insanların nə qədər tez qəzəbləndiyinə diqqət yetirmisinizmi?
Növbədə, sosial şəbəkələrdə, yollarda, hətta ailə məclislərində belə kiçik bir narazılıq dərhal kobudluğa, qışqırığa və qarşılıqlı təhqirlərə çevrilə bilir.
Bunun səbəblərindən biri emosional özünənəzarətin zəifləməsidir.
İnsan mürəkkəb məzmunu anlamaqdan, dərin söhbətlər aparmaqdan və hisslərini ifadə etməkdən uzaqlaşdıqca emosional dünyası da kasadlaşa bilər.
Əslində insanın hissləri olduqca rəngarəngdir. Kədər, inciklik, xəfif məyusluq, mərhəmət, empatiya, istehza, sevinc və minnətdarlıq – bunların hər biri fərqli emosional vəziyyətdir.
Lakin bəzən bütün bu hisslər iki sadə reaksiyaya çevrilir: “Xoşuma gəlir” və ya “Hər şey məni əsəbiləşdirir”.
Emosiyaları idarə etmək, başqalarının hisslərini anlamaq və impulsiv davranışdan çəkinmək beynin mürəkkəb funksiyalarını tələb edir. Stress, yuxusuzluq və həddindən artıq informasiya yükü isə bu qabiliyyətlərə mənfi təsir göstərə bilər.
Beləliklə, qarşımızda qəribə mənzərə yaranır: 40 yaşlı insanın bədənində, bəzən beş yaşlı uşağın emosional davranışını xatırladan reaksiyalar nümayiş etdirən yetkin fərd.
Ən kiçik narazılığa dözməyən, tənqidə aqressiya ilə cavab verən, qarşı tərəfin fikrini dinləmək əvəzinə dərhal mübahisəyə başlayan insanlar…
Dördüncü səbəb: Rahatlıq naminə təcrid və mürəkkəb münasibətlərdən qaçış
Əvvəllər insanlar bir-biri ilə daha çox ünsiyyət qurmağa və münasibətləri qorumaq üçün güzəştə getməyə məcbur idilər.
Qonşu, iş yoldaşı, qohum və ya fikirləri sizinkindən tamamilə fərqli olan insanlarla münasibətləri davam etdirmək lazım gəlirdi. Bunun üçün səbir göstərmək, aqressiyanı cilovlamaq, qarşı tərəfi dinləmək və ortaq məxrəc tapmaq tələb olunurdu. İndi isə texnologiyalar insana rahatlıq təklif edir.
Xoşunuza gəlməyən insanı bloklayın.
Fikri sizi qane etməyən şəxfi izləmədən çıxarın.
İnsanlarla görüşmək istəmirsinizsə, sifarişinizi evə gətizdirin.
Beləliklə, insanlar özlərini heç bir narahatlıqla üzləşmədikləri, yalnız öz düşüncələrinə uyğun fikirlərlə qarşılaşdıqları rahatlıq mühitinə qapadırlar.
Amma insanın psixoloji inkişafı yalnız rahatlıqla mümkün deyil. Bəzən fərqli fikirlərlə qarşılaşmaq, mübahisə etmək, güzəştə getmək və çətin münasibətləri idarə etməyi öyrənmək lazımdır.
İnsan mürəkkəb münasibətlərdən qaçdıqca daha sakit deyil, əksinə, daha kövrək, səbirsiz və real həyatın çətinliklərinə qarşı hazırlıqsız ola bilər.
Belə insanlar ciddi problemlə üzləşdikdə çıxış yolu axtarmaq əvəzinə çaşqınlığa düşür, bəzən isə emosional partlayış yaşayırlar.
Bəs zehni qabiliyyətlərimizi necə qoruyaq?
Cəmiyyətdə baş verən bütün dəyişiklikləri dayandırmaq mümkün deyil. Ancaq öz düşüncə tərzimizi, diqqətimizi və psixoloji sağlamlığımızı qorumaq üçün müəyyən vərdişlər formalaşdıra bilərik.
Bunun üçün üç sadə qaydaya əməl etmək faydalıdır.
Birinci: Mürəkkəb mətnlər oxuyun.
Hər gün ən azı 30 dəqiqənizi kitaba ayırın. Şəkillərlə və qısa mətnlərlə zəngin olmayan, düşünməyi tələb edən əsərlər seçin. Oxuduğunuz müddətdə telefonunuzu kənara qoyun. Bu, diqqəti uzun müddət bir mövzu üzərində saxlamaq qabiliyyətinizi inkişaf etdirməyə kömək edəcək.
İkinci: Sürətli informasiya istehlakını azaldın.
Qısa videoların avtomatik nümayişini söndürün. Sosial şəbəkələrdə keçirdiyiniz vaxta nəzarət edin. Beyninizə fasiləsiz yeni stimullar verməyin. Unutmayın ki, həqiqi zövq bəzən nəticəyə dərhal çatmaqda deyil, prosesin özündədir.
Üçüncü: Dərin söhbətlərə vaxt ayırın.
Gündə ən azı bir dəfə kiminləsə uzun və mənalı söhbət edin. Söhbəti qısa mesajlar, emojilər və hazır ifadələrlə əvəz etməyin. Qarşınızdakı insanı dinləyin, sözünü kəsməyin, hətta fikirləri ilə razılaşmasanız belə, onu anlamağa çalışın.
Düşünmək, diqqəti cəmləmək, hadisələri dərindən təhlil etmək, hissləri anlamaq və emosiyalara hakim olmaq müasir dünyada getdikcə daha vacib bacarıqlara çevrilir.
Texnologiyalar insanın həyatını asanlaşdırmaq üçün yaradılıb. Lakin biz onların köməyinə o qədər alışmamalıyıq ki, müstəqil düşünmək qabiliyyətimizi itirək.
Ən böyük təhlükə texnologiyaların inkişafı deyil, insanın öz düşüncəsini, iradəsini və seçim azadlığını onlara təhvil verməsidir.
Yadda saxlamaq lazımdır ki, telefon bizim əlimizdə olan vasitədir, həyatımızı idarə edən qüvvə deyil.
İndi isə bir sual: Siz də son illərdə diqqətinizi uzun müddət bir mövzu üzərində cəmləməyin çətinləşdiyini hiss edirsinizmi? Beş il əvvəlki ilə müqayisədə kitab oxumağa, uzun söhbətlərə və ciddi müzakirələrə marağınız azalıbmı?
Bəlkə də müasir insanın qarşısında duran ən böyük vəzifə daha çox məlumat əldə etmək deyil, düşünmək qabiliyyətini qoruyub saxlamaqdır.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
