Xankəndiyə Ağdamdan da tez qayıda bilərik: Yalnız bir şərtlə – ƏTRAFLIbackend

Xankəndiyə Ağdamdan da tez qayıda bilərik: Yalnız bir şərtlə - ƏTRAFLI

Surxay Atakişiyev

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bir neçə gün əvvəl ABŞ Prezidenti Cozef Baydenə, ABŞ Senatının prezidenti Kamilla Harissə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə və ABŞ dövlət katibi Antoni Blinkenə müraciət edib.  Qubad İbadoğlu müraciətində ABŞ rəhbərliyindən Azərbaycana qarşı imzalanan 907-ci düzəlişin ləğvini istəyib. Düzü bu addımı çox təqdir etdim. Həm ona görə ki, Qubad bəy göstərdi ki, milli məsələlərdə iqtidar-müxalifət məsələsi olmur. Həm də ona görə ki, bu, bir vətəndaş yanğısıdır, vətəndaş təşəbbüsüdür. Demirəm ki, bu müraciətdən sonra ABŞ 907-ci düzəlişi ləğv edəcək. Bu ehtimal 1-in 100-ə faiz nisbətindədir. Amma alqışlanası addımdır.

Çünki bu cür təşəbbüslərə Azərbaycan cəmiyyətində nadir hallarda rast gəlinir. Baxmayaraq ki, bu cür müraciətlərə xalqımızın və dövlətimizin çox böyük ehtiyacı var. Bu gün Avropa İttifaqına, Avropa Şurasına, Rusiya Federasiyasına, ABŞ-a və digər söz sahibi olan dövlətlərə və siyasi-iqtisadi institutlara o qədər deyiləsi sözlərimiz var ki…

Amma biz bu işləri dövlətin işi hesab edirik. Öz vəzifəmizin isə ancaq ləbbey demək və dövlətin və yaxud prezidentin hansısa uğurlu addımına şit, bəsit və yaltaq təriflər demək olduğunu düşünürük. Bunu ona görə deyirəm ki, bəzi soydaşlarımız bəzən vətəndaş təşəbbüslərini hətta “dövlət xəyanəti” səviyyəsinə qaldırırlar. Məsələn, mən hələ noyabr ayında yazmışdım ki, nəyə  görə hər xırda məsələyə münasibət bildirməklə gündəmdə olan deputatlarımız, o cümlədən Xocalının 10 il icra başçısı və 20 il deputatı olan Elman Məmmədov Rusiya prezidentinə Rusiyanın Federasiya Şurasına və Dövlət Dumasına müraciət etmir ki, “Qarşıdan Xocalı qətliamının 29-cu ili gəlir. Bizə yardım edin ki, fevralda Xocalı şəhərinə gedək və şəhidlərimizin və dədə-babalarımızın ruhunu yad eliyək”. Mənim bu iradıma qarşı dəyərli oxuculardan biri status yazaraq irad bildirmişdi ki, “Siz siyasi səhv edirsiniz. Putin kimdir ki, biz ona xahiş edək. Bütün problemləri cənab prezidentimiz həll edəcək”.

Siyasi terminologiyada belələri qaragüruhçu adlandırılır. Çünki bu cür adamlar söhbətin nədən getdiyinin fərqinə varmadan zombi kimi hücuma keçirlər, daha vətənpərvər və prezidentsevər olduqlarını sübut etməyə çalışırlar. Amma vətənpərvərlik yaltaqlıq və hər şeyə ləbbey demək deyil. Vətənpərvərlik bir az da cəsarətli və təşəbbüskar olmaqdır. Bəli, ölkə başçısı bu günlərdə tarix yazır, uğurlarımızı bir-birinin ardınca sıralayır. Bunu hər bir vicdanlı azərbaycanlı görür, qiymətləndirir və alqışlayır. Lakin cənab Prezidentin hər xırda məsələyə müdaxilə etməyə, münasibət bildirməyə sadəcə vaxtı çatmır. Ona görə də bəzi məsələlərə vətəndaş cəmiyyəti münasibət bildirməlidir. O cümlədən, Yuxarı Qarabağdan olan azərbaycanlıların geri qaytarılması məsələsinə vətəndaş cəmiyyəti böyük töhfə verə bilər. Bunun ən sivil və asan yolu məsələni beynəlxalq aləmdə ictimailəşdirməkdir. Bu gün QHT-lər, siyasi partiyalar, deputatlar və tanınmış cəmiyyət nümayəndələri hər gün BMT-yə, Avropa Şurasına ABŞ hökumətinə, Rusiya rəhbərliyinə bu və ya digər məsələlərlə bağlı müraciətlər etməlidirlər. Onları necə deyərlər “bezdirməlidirlər” ki, “nəyə görə son 3 ayda 52 min erməni Qarabağa qayıtdığı halda, bir dənə də olsun Azərbaycanı köçkün öz dədə-baba yuvasına qayıtmayıb?!”

Rusiya hakimiyyətinin Qarabağdakı sakinlərə ikili münasibəti barədə davamlı şəkildə Kremlə, Federasiya Şurasına, Dövlət Dumasına və digər təşkilatlara müraciətlər edilməli, onlardan izahat istənilməlidir.

Bu gün azərbaycanlıların Əsgərana, Xocavəndə, Xocalıya, Xankəndinə qayıtması Qubadlıya, Kəlbəcərə, Ağdama qayıtmalarından daha tez ola bilər. Çünki Xocalıda, Əsgəranda, Xocavəndə və Xankəndidə bu gün bütün zəruri kommunikasiya və ən azı minumum həyat şəraiti var. Ona görə də hər gün Rusiyaya basqımızı artırmalıyıq. Nəzərə alaq ki, Rusiya nə qədər də diktatura ölkəsi olsa da, orada az-çox ictimai fikrə qulaq asılır. Bu cür münasibətlər həm də Azərbaycan Prezidenti üçün əlavə siyasi təsir aləti ola bilər. Sabah cənab İlham Əliyev də Putinə deyə bilər ki, “Vladimir Vladimiroviç xalq ayağa qalxıb, tələb edir. Bu məsələnin çözülməsi vacibdir”.

  • Bax, bu da olur xalq diplomatiyasının zəfəri. Çünki müəyyən məsələlərdə  xalq diplomatiyası ölkə başçısı üçün ən yaxşı silaha çevrilir. Amma nə yazıq ki, bizdə vətəndaş təşəbbüsləri sıfıra bərabərdir. Adi bir faktı deyim, ermənilər bu gün iki məsələ ilə sivilizasiyanı bezdirib. Biri əsirlərin geri qaytarılması, digəri isə erməni “mədəni irsi”nin “təhlükəsizliyi” məsələsidir. Bu iki məsələ ilə bağlı hər gün Ermənistandan xarici ölkə başçılarına, parlamentlərə, BMT və digər beynəlxalq institutlara, ictimiai təşkilatlara və populyar kütləvi informasiya vasitələrinə onlarla müraciət yola salınır. Məhz bu müraciətlərin nəticəsidir ki, hazırda ölkəmizin ən çox bu iki məsələ ilə üstünə gəlinir. Necə deyərlər, yerindən duran əcnəbi Azərbaycan hakimiyyətindən bu iki suala cavab istəyir. Amma həqiqəti ermənilər də, əcnəbi ölkələrin dövlət başçıları da, ictimai təşkilatlar da hər şeyi çox gözəl bilir. Sadəcə, bu iki məsələ sivilizasiya üçün həssas olduğu üçün ermənilər dayanmır. Və sivilizasiya da məsələyə münasibət bildirmək məcburiyyətində qalır. Bəs, bizim cəmiyyət niyə susur? Bunun üçündəmi Prezident sərəncamı və yaxud fərman imzalamalıdır?

KONKRET.az olaraq hələ oktyabr ayında məsələ qaldırmışdıq ki, QHT-lər, Ombudsman Aparatı, siyasi partiyalar və vətəndaş cəmiyyətinin digər seqmentləri Gəncədə, Bərdədə, Mingəçevirdə, Yevlaxda və digər bölgələrdə erməni təcavüzünə məruz qalan, həyatlarını və əmlaklarını itirən insanlar barədə davamlı şəkildə dünya dövlətlərinə, Beynəlxalq təşkilatlara, ən azından Haaqa İnsan Haqları Komitəsinə və Avropa məhkəməsinə müraciətlər etməlidirlər. Çox təəssüf ki, səsimizə səs verən olmadı. Halbuki, QHT-lər üçün bu həm də gözəl bir layihə ola bilərdi. Dövlətdən xeyli qrant ala bilərdilər. Hələ tele-ekranların bəzəyinə çevrilən deputatlarımızı demirəm. Ümumxalq sevgisi qazanmaq istəyən siyasi partiyaları isə heç demirəm.

Xatırladım ki, gündəmdə olmağın və az-çox nüfuz qazanmağın yolu da bu cür təşəbbüslərdən keçir. Çünki 44 günlük müharibədə 100-dən artıq dinc soydaşımız həyatını itirdi. Onların içində körpələr və qocalar da var idi. Hələ onu demirəm ki, Gəncədə bombardman zaman həyatını itirən uşaqlardan biri milliyətcə rus idi. Sizi inandırım ki, belə bir fürsət ermənilərin əlinə düşsəydi, onlar bütün Rusiyanı ayağa qaldırardılar. Bəs biz neynədik. Sadəcə susduq.

Başqa bir məqama toxunum. 10 noyabr sülh anlaşmasından sonra xeyli sayda dinc sakin və hərbçimiz işğaldan azad olmuş ərazilərdə minalara düşüb həyatlarını itirdi. Bu məsələ ilə bağlı vətəndaş cəmiyyətindən bir dənə də olsun reaksiya nəzərə çarpmır. Nəhayət, Respublika Prezidenti dözməyib bir neçə gün öncə dedi ki, “Ermənilər minalanmış sahələrin xəritəsini bizə vermirlər”. Əslində bu, ölkə başçısının vətəndaş cəmiyyətinə bir mesajı idi. Çünki bu məsələdə Ermənistan siyasi hakimiyyətinə basqı üçün ən yaxşı vasitə beynəlxalq təşkilatların qınağıdır. Bu qınağı isə deputatlar, QHT-lər, siyasi partiyalar və digər qurumlar formalaşdırmalıdırlar. Amma nə yazıq ki, adını çəkdiklərimin tam əksəriyyəti hazırda fərdi qayğıları və kommersiya işləri ilə məşğuldurlar.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*