9 sentyabr tarixində Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.
Xarici İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub.
Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.
“Hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq.
Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə bir daha çağırırıq”, – məlumatda deyilir.
