Xocalının ilk polis şəhidinin  anım günüdür  – FOTObackend

Xocalının ilk polis şəhidinin anım günüdür - FOTO

“Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar aydınlığa?!”

 

Görkəmli Türk şairi Nazim Hikmət sanki bu misraları torpaq uğrunda canını fəda edən şəhidlər haqqında yazırdı.

Həqiqətən də öz canını vətən torpağı uğrunda atəşə verən şəhidlər olmasaydı, o zaman Azərbaycan adlı məmləkət də var olmazdı.

Müdriklərimizin də dediyi kimi: “Torpaq – uğrunda ölən varsa, vətəndir”!

Bu gün torpaqlarımızın azadlığı uğrunda öz canından keçərək qəhrəmanlıqla həlak olan vətən övladlarından biri – Behbudov Vaqif Yusif oğlunun  şəhidlik zirvəsinə ucalan gündür…

Çoxları Vaqif Behbudovu Xocalının ilk polis şəhidi kimi tanıyır və xatırlayır…  

VAQİF YUSİF OĞLU BEHBUDOV 1963-cü ildə Xocalıda anadan olub. Xocalının 1 N-li məktəbini bitirdikdən sonra, 1981-1983-cü illərdə hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra Xocalı südçülük-tərəvəzçilik sovxozunda sürücü kimi əmək fəaliyyətinə başlayıb.  Xocalıda milis şö’bəsi yaradıldıqdan sonra, orada işə qəbul olunaraq, fəaliyyətini davam etdirib. 1991-ci il oktyabr ayının 8-də Xocalının Poranuqla həmsərhəd Artezan postunda erməni hücumunu dəf edərkən döyüşdə qəhrəmancasına şəhid olub. O, elə doğulub böyüdüyü Xocalının  şəhər qəbiristanlığında dəfn olunub.  Vaqif Behbudov ailəli olub və ölümündən sonra dünyaya gələn oğul övladı atasının adını daşıyır.

KONKRET.AZ informasiya portalının əməkdaşı şəhidin anım günündə onun həyat yoldaşı Behbudova Reyhan Allahverdi qızından ekskluziv müsahibə alıb. Reyhan Behbudova bildirib ki, onun həyat yoldaşı 1991-ci ilin bu günü gecə saatlarında düşmənin hücumunu dəf edərkən şəhid olub: “Vaqif Behbudov Xocalıda polis orqanlarında işləyirdi. Hər zaman öz işinin öhdəsindən layiqincə gələn, fərqlənən, nümunəvi bir insan idi. Qarabağ müharibəsi zamanı demək olar ki, bütün döyüş nöqtələrində vuruşub və, Xocalıda postlardan birində əməliyyat zamanı şəhidlik zirvəsinə ucalıb”. 

Reyhan Behbudova əlavə edib ki, onun həyat yoldaşı Xocalı polislərinin ilk şəhididir:“Onun nəşi dəfn olunsa da, məzar daşını qoya bilmədik və Xocalını tərk etmək məcburiyyətində qaldıq.  Həyat yoldaşım şəhid olsa da, o heç bir orden və ya medalla təltif olunmayıb.  Baxmayaraq ki, Vaqif özü könüllü şəkildə müharibədə iştirak edib və qəhrəmanlıqlar göstərib”.

Şəhid xanımı bildirib ki, Vaqif Behbudovdan yadigar bir oğul övladı qalıb. Amma o öz atasının üzünü heç zaman görməyib.  Oğlu atasının adını daşısa da, onun peşəsini (polis) davam etdirmədi.

Müşfiq ƏHMƏDOV

Bir cavab yazın