Yadigar Sadıqlı: “İsa Qəmbərin çıxardığı hoqqaların müqabilində 20 nəfər mənə səs veribsə, böyük işdir”backend

Yadigar Sadıqlı: “İsa Qəmbərin çıxardığı hoqqaların müqabilində 20 nəfər mənə səs veribsə, böyük işdir”

“Həbsdən çıxandan sonra mənə olan münasibət Arif Hacılıdan sonrakı potensial başqan münasibəti idi. Amma partiyada baş verən bir çox şeylərlə razılaşmayıb tənqidçi mövqe tutanda münasibət dəyişdi. Müsavatın qaçılmaz görünən çöküşünün qarşısını almaq üçün son çarəyə əl atdım, başqanlığa namizədliyimi verdim, nəticəsini özünüz bilirsiniz”.

KONKRET.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanlığına sabiq namizəd Yadigar Sadıqlı deyib.

“İndi bəziləri mənim motivimi öz ağıllarınca və ya qəsdən cılızlaşdıraraq inciklik kimi qələmə verirlər, qurultayda az səs yığmağımla izah edirlər. O şər-böhtan kampaniyasının və İsa Qəmbərin həm qurultay qabağı, həm qurultay zamanı çıxardığı hoqqaların müqabilində 20 nəfər yenə mənə inanıb səs veribsə, böyük işdir.

Motiv isə, əlbəttə, inciklik deyil. Yuxarıda dedim, mən Müsavata töhfə vermək üçün, onun daha yaxşı etmək üçün gəldim, qarşıma çıxan bütün yolayrıclarında Müsavat yolunu tutdum, tələb olunan bütün qurbanları verdim və bugün  Müsavatın belə vəziyyətdə olması məni yandırır.

Son qurultayda hər 10 üzvə 1 nümayəndə kvota ilə qurultaya 400-dən bir qədər az nümayəndə seçildi. Belə çıxır, qosqoca Müsavatın cəmi 4 min üzvü var. Əslində isə heç o qədər deyil. Partiyada yetərsay 1/3-dir. Yəni ümumən 4000 nəfərin adı ilə keçirilən toplantılarda ən yaxşı halda 1500 nəfər iştirak edib. Başqa sözlə, Müsavatın 1500 qismən fəal (yəni çağırsan toplantıya gələcək) üzvü var.

Əvvəl hər hansı seçki dairəsində Müsavatın namizədi olmaq üçün 2, bəzən 3 nəfər mübarizə aparırdı. Rəhbərlik də qalırdı belə ki, necə edək birini seçək, ikinci, üçüncü inciməsin. Son seçkilərdə 125 dairə müqabilində yalvar-yaxarla 64 namizəd irəli sürüldü. Bir çoxlarını da inandırmışdılar ki, narahat olma, onsuz da qeydə almayacaqlar, Avropa məhkəməsindən filan qədər kompensasiya alacaqsan. Hakimiyyət də hamısını qeydə aldı.

Yeri gəlmişkən, mənə qarşı arqumentlərindən biri də guya Lənkəran təşkilatının zəif olmasıdır, halbuki Arif Hacılının məmləkəti Zaqatalanın iki dairəsindən namizəd tapılmadı verilməyə. Partiya dəhşətli surətdə qocalır. Son parlament seçkilərində ən yaşlı 6 namizəddən dördü müsavatçı idi. Seçkidə iştirakın effekti də sıfır. Ayrı-ayrı ictimai fəalların seçki kampaniyası Müsavatın iştirakından daha çox rezonans doğurdu. İsa Qəmbər bir görüş keçirdi, təxminən 30 nəfərlə, yarısından çoxu özü ilə gedənlər idi. Gənclər təşkilatı yoxdur.

Bu, həm də İsa Qəmbərin və Arif Hacılının Tural Abbaslı ilə bağlı korafəhm siyasətinin nəticəsidir. Müsavat kimi partiyanın gənclər təşkilatı dönmüşdü radikal dindarlar təşkilatına. Tural Abbaslının xoşuna gəlməyən, ona biyət etməyən gənc dışlanırdı, rəhbərlik də bunu adi hal kimi müşahidə edirdi. Nəticə göz qabağındadır. Qadınlar təşkilatı yox kimidir. Son qurultayda Məclis üzvlüyünə qadınlar üçün ayrılan kvotada rəqabət demək olar ki, yox idi. Səhv etmirəmsə, 15 yerin müqabilində 18 namizəd vardı. Partiyanın tədbirləri zamanı çəkilən şəkillərdə qarasaçlı bir adam görəndə, sevinirsən. Məsələn, 2 gün əvvəl Atatürkün heykəli qarşısında çəkilən şəkildə bir qarasaçlı adam yoxdur. Yazdıqlarım ömrünü Müsavata həsr edən yaşlı insanları aşağılamaq üçün deyil, əstəğfrullah. Amma belə vəziyyət partiyanın gələcəyinin olmaması deməkdir. “Partiya zəifləyir” yazacaqdım, amma zəifləmir, çöküb.

Rayon təşkilatları bir-bir sıradan çıxır. Hətta Bakı rayon təşkilatları acınacaqlı gündədir. Bir-iki ay bundan qabaq Nizami rayon təşkilatının ümumi yığıncağında 18 nəfər iştirak edirdi. Dünən Sabunçu təşkilatının şura iclası olub, 7 nəfərlə. Belə tədbirlərdən paylaşılan şəkilləri görəndə fikirləşirsən ki, bunu hansı məntiqlə paylaşırlar. Axı paylaşım partiyanın təbliğinə xidmət etməlidir, rüsvayçılığına yox. Ucdantutma mühacirətlə bağlı yayılan söz-söhbətlər yadınızdadır. Partiyanın nüfuzuna dəyən zərəri azaltmaq üçün müxtəlif təkliflər etdik, qəbul etmədilər, qəbul etdiklərinə də əməl etmədilər. Prinsipiallıq da dibə enib.

Ağlıma gəlməzdi ki, bir gün Müsavatda kimlərsə hakimiyyətə mədhiyyə oxuyacaq və rəhbərlik onu nəinki partiyada saxlayacaq, hətta mənim kimi etirazçılardan müdafiə edəcək. Rəhbərliyin üzvlərə yanaşma etalonu necədir? Məsələn, feysbukda biri Arif Hacılının hansısa addımlarını tənqid edir. Sən biri ilə razılaşırsan, ikisi ilə yox, deyirsən ki, filan-filan şərtlər vardı, ona görə bunu dedi, bunu etdi. Nəticədə  tənqidçidə də, yazışmanı oxuyan 10-15 nəfərdə də Müsavata rəğbət yaranır ki, nə yaxşı, tənqidi qəbul edir, ya təmkinlə etiraz edir. Bir də elələri var ki, cavab verəcəklər ki, sən kimsən, Azərbaycanın ən dahi siyasətçisi Arif Hacılıya dil uzadırsan, it hürər, karvan keçər-zad. O tənqidçinin də, yazışmanı oxuyan 10-15 nəfərin də Müsavatdan zəhləsi gedəcək ki, bu nə səviyyədir. Amma Arif Hacılıya sənin yox, ikincinin yazdığı ləzzət edəcək.

Çünki əsas Müsavat deyil, özünün dahi siyasətçi olmasıdır. Müsavatın imicinə ziyan vurub Arif Hacılını göylərə qaldıran üzv daha yaxşı üzvdür. Bütün bunların müqabilində də Arif Hacılı müsahibə verir ki, çox yaxın zamanlarda hakimiyyətə gəlirik. Nə ilə gəlirsiniz? Bu yaxınlarda İlham Əliyev Müsavat üzvü Novella Cəfəroğluya orden verdi, cəmiyyətdə heç bir rezonans doğurmadı. Halbuki daha əvvəl bomba kimi partlayardı. İndi partlamır, çünki o qosqoca partiyanı tam maraqsız etmisiniz, kimsənin umacağı yoxdur. Məni danışdıran da hansısa inciklik yox, bütün bunlardır. Susacağımı düşünürsüznüzsə, yanılırsınız. Doğru saydığım sözü deyəcəm, yanlış hesab etdiyimə döşəyəcəm, faydası olmasa belə. Bəlkə o dünyada Rəsulzadəni görmək qismət oldu, alnıaçıq olmaq üçün. “Sənin yadigarını qurtarmaq üçün əlimdən gələni etdim” deyə bilmək üçün. Tanrı Müsavatı qorusun. Xüsusən də indiki rəhbərlikdən qorusun” – Y.Sadıqlı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*