Kredit götürən şəxsin vəfatı və ya əmək qabiliyyətini itirməsi ailəsi üçün ciddi maliyyə çətinlikləri yarada bilər. Belə hallarda kredit həyat sığortası borc yükünün azaldılmasına, eyni zamanda bankların risklərinin minimuma endirilməsinə xidmət edir.
Bəs bu sığorta növü vətəndaşlara, xüsusilə də pensiyaçılara hansı üstünlükləri verir? Banklar kredit götürən şəxsdən sığorta tələb edə bilərmi və gələcəkdə bu mexanizmin məcburi tətbiqi gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, kredit həyat sığortası borcalanın vəfatı və ya əmək qabiliyyətini itirməsi ilə bağlı müəyyən riskləri əhatə edir.

“Kredit həyat sığortası çərçivəsində sığorta təminatı hadisənin baş verməsi zamanı qalan borcun qarşılanmasına imkan yaradır. Borcalan vəfat etdikdə, sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, kreditin ödənilməmiş hissəsi sığorta şirkəti tərəfindən bağlanır. Şəxs əmək qabiliyyətini itirdikdə isə sığorta ödənişinin məbləği müqavilədə nəzərdə tutulan təminatlardan və itirilmiş əmək qabiliyyətinin dərəcəsindən asılı olur”.
Emil Ağabağırov qeyd edib ki, bu sığorta növü xüsusilə pensiyaçılar üçün əhəmiyyətlidir.
“Belə ki, yaşlı şəxslərə kredit verilməsi banklar üçün müəyyən risklər yaradır. Kredit həyat sığortasının mövcudluğu həmin riskləri azaltmaqla 65-70 yaşlı şəxslərin də kredit əldə etmək imkanlarını genişləndirir.
Bu mexanizm həm bankların, həm də vətəndaşların maraqlarına xidmət edir. Sığorta təminatı sayəsində gözlənilməz hadisə baş verdikdə kredit borcunun ailə üzvlərinin üzərində qalması və zaminlərin ödəniş məsuliyyəti ilə üzləşməsi riskini azaltmaq mümkündür. Eyni zamanda, borcun qaytarılması ilə bağlı təminat bankın maliyyə maraqlarını qoruyur”.
Sığorta eksperti vurğulayıb ki, kredit həyat sığortası hazırda könüllü xarakter daşıyır. Banklar bu sığorta növünü müştərilərə təklif edə bilərlər, lakin onun rəsmiləşdirilməsi vətəndaşın razılığı əsasında həyata keçirilir.
Emil Ağabağırovun sözlərinə görə, gələcəkdə kredit həyat sığortasının məcburi edilməsi məsələsi hazırda müzakirə olunmur. Bu səbəbdən vətəndaşlar kredit götürərkən sığorta müqaviləsinin şərtləri, təminatın əhatə dairəsi və mümkün istisnalarla əvvəlcədən tanış olmalıdırlar.
Aynurə İsmayıl
KONKRET.az
