“Yaxın vaxtlarda hərbi əməliyyat proqramı elan ediləcək”.
KONKRET.az xəbər verir ki, bununla bağlı Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat idarəsinin keçmiş rəisi, baş nazirinin keçmiş müşaviri, Baş Qərargah rəisinin keçmiş birinci müavini, keçmiş müdafiə naziri Arşak Karapetyan açıqlama verib.
Proqramda Karapetyan və onun tərəfdarları Ermənistan qarşısında duran mühüm məsələlərə yanaşmaları ətraflı təqdim etməyi düşünür. Proqramda konkret hansı detalların olduğunu müəyyən etmək hələlik mümkün olmayıb.
Karapetyan bu yaxınlarda qeyd edib ki, bu tarixi fəlakətə və erməni xalqı üçün faciəyə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır. “Adətən məlumatı kiminsə düşmənə ötürməsi xəyanət sayılır. Ancaq hakimiyyətin vətənə xəyanəti göz qabağındadır. Bu hakimiyyət Azərbaycanın xeyrinə olan və ağır nəticələrə gətirib çıxaran şüurlu fəaliyyətə yol verib və ya hərəkətsizlik nümayiş etdirib. Bunun özü xəyanət deyilmi? Öz vətəndaşlarını qorumaqdan imtina etmək vətənə xəyanətdir. Biz hamımız bu xəyanətin şahidiyik və mən başqa söz tapa bilmirəm”, – deyə Karapetyan bildirib.
Yeri gəlmişkən, o, həmçinin qeyd edib ki, onun milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı baxışları heç vaxt Ermənistanın indiki hakimiyyətin yanaşması ilə üst-üstə düşməyib: “Yalnız sadə səbəbdən. Hakimiyyət, yumşaq desək, səriştəli deyil”. Xarici siyasi vektorun dəyişməsinə gəlincə, keçmiş müdafiə nazirinin fikrincə, “Bu, ən yaxşı halda ciddi iqtisadi və enerji problemlərinə gətirib çıxaracaq”.
Natiq Səlim,
KONKRET.az