Son illər çoxmənzilli yaşayış binalarında sakinlərdən yığılan “komendant pulu” ilə bağlı narazılıqlar artmaqdadır. Bir çox hallarda ödənişlərin məbləği, göstərilən xidmətlərin keyfiyyəti və toplanan vəsaitlərin xərclənməsi barədə şəffaf məlumatın olmaması sakinlərin etirazına yol açır. Mütəxəssislər isə bildirirlər ki, qanunvericilikdə binaların idarə olunması və xidmət haqlarının müəyyənləşdirilməsi ilə bağlı aydın mexanizmlər nəzərdə tutulsa da, praktikada bu qaydalara hər zaman əməl edilmir.
Bəs “komendant pulu”nun ləğvi gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, ölkədə 2500-dən çox yeni tikilmiş bina mövcuddur və əhalinin təxminən 35-40 faizi həmin binalarda yaşayır.

Onun sözlərinə görə, yeni tikilmiş binaların demək olar ki, hamısında müəyyən qanun pozuntularına rast gəlinir:
“Bu problem təkcə mənzil sahibini deyil, onun ailə üzvlərini də əhatə edir. Təxminən 25 ildir ki, bu sahədə ciddi problemlər mövcuddur. Komendant özbaşınalığı, qanunsuz pul yığımları və müxtəlif qanun pozuntuları geniş yayılıb. Məqsəd isə əksər hallarda sakinlərdən toplanan vəsaitlərin mənimsənilməsidir. Vətəndaşlara lazım olmayan xidmətlər məcburi şəkildə təqdim olunur, lakin toplanan vəsaitlərlə bağlı heç bir rəsmi hesabat verilmir”.
Ekspert qeyd edib ki, qanunvericiliyə əsasən, çoxmənzilli bina istismara qəbul edildikdən sonra 6 ay ərzində idarəetmə sakinlərin ixtiyarına verilməlidir.
“Bunun üçün mənzil mülkiyyətçiləri ümumi yığıncaq keçirərək Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMÇ) yaratmalı və müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
MMMÇ-nin yaradılması üçün ən azı mülkiyyətçilərin 51 faizinin iştirakı tələb olunur. Sənədlər təqdim edildikdən sonra araşdırma aparılır və cəmiyyətin təsis olunması barədə qərar qəbul edilir. Bundan sonra sakinlər öz idarəetmə sistemlərini formalaşdırırlar. Sədr, sədr müavini və idarə heyəti seçilir, yaşayış kompleksinin idarə olunması sakinlərin nəzarətinə keçir”, – deyə E.Azadov vurğulayıb.
Ekspert bildirib ki, Mənzil Məcəlləsinə əsasən, çoxmənzilli binalarda üç idarəetmə forması mövcuddur.
“Birinci halda bina birbaşa sakinlər tərəfindən idarə olunur. İkinci halda idarə heyəti sakinlərdən ibarət olur, lakin işçilər kənardan cəlb edilir. Üçüncü halda isə idarəetmə tender yolu ilə seçilmiş peşəkar idarəedici şirkətə həvalə edilir.
İstənilən halda tarifləri komendant və ya hər hansı şəxs özbaşına müəyyən edə bilməz. Xidmətlərin həcmi, işçilərin sayı və xərclər əvvəlcə sakinlərin ümumi yığıncağında müzakirə olunmalı, daha sonra həmin xərclər əsasında tarif formalaşdırılmalıdır. Tarif yalnız sakinlərin razılığı ilə müəyyən edilə bilər”.
Elnur Azadovun sözlərinə görə, qanunvericilikdə çoxmənzilli binaların idarəetmə xərcləri dəqiq şəkildə tənzimlənir və hər hansı ödəniş yalnız qanuni idarəetmə mexanizmi çərçivəsində həyata keçirilir.
“Əgər yeni tikilmiş binada idarəetmə formalaşdırılmayıbsa, bu zaman yerli bələdiyyələr sakinlərlə maarifləndirmə işi aparmalı, idarəetmə sisteminin yaradılmasına dəstək verməlidirlər. Zərurət yarandıqda isə idarəedici şirkət seçilərək bu funksiyalar ona həvalə olunmalıdır. Təəssüf ki, qanunda nəzərdə tutulmasına baxmayaraq, bu proses ölkəmizdə əksər hallarda həyata keçirilmir”, – deyə ekspert qeyd edib.
Ekspert hesab edir ki, “komendant pulu”nun tam ləğvindən daha çox, onun qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi, tariflərin sakinlərin razılığı ilə müəyyənləşdirilməsi və idarəetmənin şəffaflaşdırılması əsas həll yolu kimi görünür.
Aynurə İsmayıl
KONKRET.az
