Volodimir Zelenski bildirib ki, atəşkəs rejimi başa çatdıqdan sonra Ukrayna Rusiyanın bütün hərəkətlərinə “güzgü prinsipi” əsasında cavab verəcək.
KONKRET.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında paylaşım edib.
Zelenskinin sözlərinə görə, bir neçə gün davam edən “qismən sakitliyi” məhz Rusiya dayandırıb.
Prezident qeyd edib ki, Ukrayna bundan sonra Moskvanın addımlarına adekvat şəkildə reaksiya verəcək.
“Biz demişdik ki, Rusiyanın bütün addımlarına güzgü prinsipi ilə cavab verəcəyik. Rusiya bu müharibəni dayandırmalıdır və məhz o, real və uzunmüddətli atəşkəs istiqamətində addım atmalıdır. Bu baş verməyənə qədər Moskvaya qarşı sanksiyalar qüvvədə qalmalı və daha da gücləndirilməlidir”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri həmçinin beynəlxalq tərəfdaşları Rusiyaya münasibətdə yumşalmaya yol verməməyə və təhlükəsizlik, ədalət və etibarlı sülh naminə birgə fəaliyyətini davam etdirməyə çağırıb.
Qeyd edək ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 9–11 may tarixlərini əhatə edən üç günlük atəşkəs elan etmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
