Zəngəzur toponimi bilavasitə türk tayfası olan zəngilərin adı ilə bağlıdır – Tarixçilərbackend

Zəngəzur toponimi bilavasitə türk tayfası olan zəngilərin adı ilə bağlıdır - Tarixçilər

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi və ya Şərqi-Zəngəzur adlarının Azərbaycanın uydurması olduğu barədə əsassız iddialarla çıxış edib. Tarixçilər Paşinyanın ittihamlarının heç bir tarixi fakta dayanmadığını qeyd edirlər.

KONKRET.az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlama verən tarixçi-alim Tofiq Nəcəfli Zəngəzurun Azərbaycan türklərinin adı ilə bağlı olduğunu və sonradan ərazinin adının “Sünik” edildiyini bildirib.

“Zəngəzur tarixi adı orta əsrlərin ilkin qaynaqlarında, Osmanlı-Səfəvi müharibəsi dövründə osmanlıların tərtib etdikləri təhlil dəftərlərində rast gəlinir və bu adın Azərbaycan türklərinin tarixi ilə bağlı olduğu vurğulanır. Maraqlıdır ki, bu tarixi yerin adı bilavasitə türk tayfası olan zəngi tayfası ilə bağlıdır. Nəinki Qarabağın cənub-qərbində, eləcə də İrəvan bölgəsində Zəngi çayının olması, zəngi tayfalarının yaşamasına dair faktlar var. XII-XIII əsrdə indiki Zəngilan ərazisində Zəngiyan adlı tarixi yer adının olması da zəngi tayfası ilə bağlıdır. Yəni, bölgənin tarixi-coğrafiyasına nəzər salsaq, bir daha şahid olarıq ki, bu bölgədə məhz Azərbaycan türkləri yaşayıb və tarixən həmin bölgə Azərbaycanın digər regionları ilə sıx təmasda olub. Bunun ermənilərlə heç bir bağlılığı yoxdur” – deyə tarixçi qeyd edib.

T.Nəcəfli ermənilərin bu ərazilərə köçürülməsi və kompakt şəkildə yaşamasının isə şübhəsiz ki, XIX əsrlə bağlı olduğunu deyib.

“1828-ci il Türkmənçay müqaviləsindən sonra biz həm İrəvan bölgəsində, həm Naxçıvan və Qarabağda Osmanlı imperiyasının ərazisindən, İrandan ermənilərin çar Rusiyası tərəfindən kütləvi şəkildə köçürülməsini görürük. O vaxtdan həmin bölgələrdə erməni kəndlərinin sayının artması, eyni zamanda Səfəvi-Osmanlı müharibəsi zamanı boşalmış kəndlərə ermənilərin yerləşdirilməsi dövrün qaynaqlarında var. Buna baxmayaraq yenə də kəndlərin adları uzun müddət Azərbaycan adı kimi saxlanılıb. Bu, bir daha göstərir ki, son dövrlərdə Ermənistan rəhbərliyinin həmin bölgənin Azərbaycanla əlaqəsinin olmamasını dilə gətirməsinin heç bir əsası yoxdur. Məlumdur ki, XX əvvəllərində ermənilərin bölgəmizdə törətdiklər soyqırımlar zamanı minlərlə azərbaycan türkü yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb, kəndlərimizin adları isə Ermənistan ali sovetinin qərarı ilə dəyişdirilib. Şübhəsiz biz bu məsələləri sovet dövrü tarixi ədəbiyyatından da qaldırdıqda, müşahidə edə bilərik” – deyə o əlavə edib.

BDU-nun Tarix fakültəsi, Erməni Araşdırmaları elmi-tədqiqat və Tədris Mərkəzinin Böyük Elmi İşçisi İsmayıl Tanrıverdi isə deyib ki, ermənilərin hər şeyi özlərinə aid etmək istəmələri onların eqoistliyindən irəli gəlir.

“Əslində bəzi erməni tarixçilər də etiraf edir ki, Sünik adlandırdıqları ərazi vaxtilə Azərbaycanın olub. Sadəcə, son dövrlərdə tamam çaş-baş qalıblar. Artıq nə dediklərini belə bilmirlər. Ermənistanın heç “Coca-Cola” qədər tarixi yoxdur. 1830-cu ildə Qafqazdakı alban kilsələrinin erməniləşdirilməsi ilə bağlı çar Rusiyasının verdiyi qərarı onlara sübut etmək lazımdır. Bu istiqamətdə ideoloji işi genişləndirməliyik. Onlar yalan-palan nə varsa, öz tarixlərinə uydurmağa öyrəşiblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*