100 il sonra İlham Əliyevin Azərbaycana qazandırdığı gerçək MÜSTƏQİLLİKbackend

100 il sonra İlham Əliyevin Azərbaycana qazandırdığı gerçək MÜSTƏQİLLİK

Bu gün – 28 aprel tarixi Azərbaycan tarixinin təqviminə “işğal günü” olaraq düşüb. Sovet İmperiyasının tərkibində olduğumuz 70 il ərzində bu tarixi bizə “xilas günü” kimi sırıdılar. Halbuki, 1920-ci ilin 28 aprel tarixi qırmızı ordunun kommunizm adı altında Azərbaycanı işğal etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə nəticələndi. 

70 il sonra Azərbaycan müstəqilliyini yenidən bərpa etdi və 28 aprel tarixinin işğal günü olduğu açıq şəkildə dilə gətirildi. Buna tarixi proses olaraq baxmaq olar və məqsədimiz heç də tarixi hadisələri sadalamaq deyil. 

Azərbaycanın müstəqillik tarixinə nəzər yetirəndə bunu üç mərhələli proses adlandırmaq olar:

Birinci mərhələ, Azərbaycan Xalq Cümhuriyyəti.

İkinci mərhələ, SSRİ-nin dağılması ilə müstəqilliyin bərpası.

Üçüncü mərhələ, müstəqilliyin güclənməsi və gerçək suverenliyin əldə edilməsi.

Bu bizim tariximizdir və tarixi mühakimə etmək doğru deyil, lakin gerçək müstəqilliyin nə olduğunu anlamaqda fayda var.

Birinci mərhələdə, müstəqillik olduqca kövrək idi. Cümhuriyyəti quranlar nə qədər çalışsa da, real müstəqillik əldə edə bilmədilər. Tarixi faktlar təsdiqləyir ki, bu müstəqillik daha çox kağız üzərində yazılmış “Azərbaycan Xalq Cümhuriyyəti” adından ibarət idi. Ölkənin idarəçiliyində, hətta, dövlət atributlarının müəyyən edilməsində xalqın iradəsi mövcud deyildi. Nəticədə müstəqilliyin birinci mərhələsi 23 ay davam etdi və işğalla sona çatdı.

İkinci mərhələ meydanlardan başladı, qan töküldü və xalq öz müstəqilliyinə nail olmağı bacardı. Amma xalqın qanı üzərindən qazanılan müstəqillik ölkəni idarə edənlər tərəfindən təhlükəyə atıldı. Qarabağın işğalı ilə nəticələnən daxili çəkişmələr, başqa ölkələrin paytaxtlarında axtarılan xilas yolları, cəbhədə döyüşən ordunun siyasi intriqalara alət edilməsi məqsədilə paytaxa gətirilməsi, hökumət böhranı, özbaşınalıq və saydıqca bitməyən səbəblər. Faktiki olaraq, xalqın meydanlarda qazandığı müstəqillik siyasi kulislərdə yox olmaq təhlükəsi ilə üzləşdi və Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə aradan qalxdı.

Heydər Əliyev hakimiyyətdə olduğu 10 il ərzində keçmiş hakimiyyətin özündən sonra qoyduğu xarabalığı inşa etmək, ordudan tutmuş sosial-iqtisadi sferaya qədər bütün sahələrdə inkişafa nail olmaq, bir sözlə ölkəni qurmaq istiqamətində çalışdı. Bu müstəqilliyin üçüncü mərhələsi olsa da, yenə də əsl müstəqillik qazanmaq üçün çatışmayan amillər var idi. Heydər Əliyev dövrün siyasi tələblərinə uyğun strategiya həyata keçirməklə Azərbaycanın gerçək müstəqillik əldə etməsi istiqamətində doğru addımlar atdı. Belə demək mümkünsə, üçüncü mərhələni, real müstəqilliyi hazırladı.

Nəhayət üçüncü mərhələ, bu, gerçək müstəqillik idi… 

Bu mərhələ Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən başlanır. Dövlət başçısı Heydər Əliyev strategiyasına söykənərək, ölkəni heç bir kənar qüvvədən asılı olmayan dövlətə çevirdi. Bunu almaq üçün gerçək müstəqillik nədir sualının cavabını tapmalıyıq.

Müstəqil siyasət, digər ölkələrlə əməkdaşlıqda seçim azadlığı, heç bir kənar ölkədən, yaxud gücdən asılı olmamaq, xalqın iradəsinin hakim olduğu respublika quruluşu. Bu, gerçək müstəqilliyin ümumi ifadəsidir.

Prezident İlham Əliyev məhz buna nail oldu. Azərbaycanı regional gücə çevirdi, iqtisadi və hərbi qüdrətini artırdı, beləliklə, Cənubi Qafqazın həlledici ölkəsini inşa etdi. Daxili resursları xalqın rifahına, təhsilinə, sağlamlığına yönəltdi, bununla insanların problemləri üzərindən həyata keçirilən kənar müdaxilələri aradan qaldırdı.

Regional güc olan Azərbaycan beynəlxalq enerji və nəqliyyat şəbəkələrinin müəllifi və iştirakçı ölkəsi oldu. Bir sıra mühüm beynəlxalq layihələrin məhz Bakının iştirakı olmadan həyata keçirilməsi mümkünsüz hala gəldi. Azərbaycanın səsi BMT Təhlükəsizlik Şurasından tutmuş mötbərək beynəlxalq platformalardan eşidildi.

İşğalçı Ermənistan bütün diplomatik cəbhələrdə məğlub edildi və I Qarabağ müharibəsindən sonra ilk dəfə Azərbaycan “aprel müharibəsində” işğalçı ölkə üzərində əzici qalibiyyət qazandı. İşğal altındakı ərazilərimizin bir qismi azad olundu və Azərbaycanın üçrəngli bayrağı illər sonra o torpaqlarda dalğalandı. Gerçək müstəqillik budur və Azərbaycan məhz Prezident İlham Əliyevin siyasi sayəsində bu müstəqilliyə nail olub.

Dövlət başçısının Bakı Dövlət Universitetinin 100 illik yubileyində çıxışı zamanı dedikləri bu kontektsdə diqqət çəkir:

“Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq”.

Dövlət başçısı bununla müstəqilliyin nə olduğunu ifadə edir və onu qorumağın yolunu göstərir.

Tarix də göstərdi ki, 100 ildən sonra olsa belə Azərbaycan əsl müstəqilliyinə nail olmağı bacardı…

Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*