Bəşəriyyət tarixində unudulmaz iz buraxan, qlobal təhlükəsizlik sistemini kökündən dəyişən 11 sentyabr terror aktlarından artıq 25 il ötür. 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən silsilə terror hücumları nəticəsində təxminən üç minə yaxın günahsız insan həlak olub, dünya isə tamamilə başqa bir reallığa qədəm qoyub.
KONKRET.az xatırladır ki, rəsmi məlumatlara əsasən, həmin səhər saatlarında “American Airlines” və “United Airlines” aviaşirkətlərinə məxsus “Boeing 767” tipli iki təyyarə terrorçu-kamikadzelər tərəfindən qaçırılaraq Nyu-York şəhərindəki Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına çırpılıb. Eyni zamanda, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqton yaxınlığında ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına hücum edib, dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil aralıda yerə düşüb.

Bu qanlı terror aktı nəticəsində yalnız Nyu-York şəhərinə dəyən maddi zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. Dünya mərkəzinin “Əkiz” qüllələrinin dağıntılarının təmizlənməsi səkkiz aydan çox vaxt aparıb, Pentaqonun dağılmış qərb hissəsi isə qısa müddətdə – 2002-ci ilin sentyabrında bərpa olunub. Araşdırmalar göstərib ki, bəşəriyyəti sarsıdan bumiqyaslı terror “Əl-Qaidə” terror təşkilatının lideri Usama bin Laden tərəfindən planlaşdırılıb və təşkil edilib.

Ümumilikdə həmin gün Nyu-York, Vaşinqton, Pensilvaniya və Şanksvil ətrafında 2977 nəfər qətlə yetirilib. İlkin hücumlar və nəhəng qüllələrin uçması zamanı həyatını itirənlər arasında 343 nəfər Nyu-York şəhərinin igid yanğınsöndürənləri, 23 nəfəri polis əməkdaşı və 37 nəfəri liman zabitləri olub. Onların şücaəti və xilas əməliyyatları zamanı göstərdikləri fədakarlıq hər zaman ehtiramla yad edilir.
Natiq Səlim,
KONKRET.az
