Cəlilabadda payızlıq kartof yığımı başlasa da, bəzi sahələrdə məhsuldarlıq aşağıdır.
KONKRET.az xəbər verir ki, fermerlərin sözlərinə görə, bir sıra ərazilərdə məhsul əldə etmək mümkün olmadığından torpaqlar şumlanaraq başqa bitkilərin əkilməsi üçün hazırlanır. Bu vəziyyət kartof istehsalçılarını narahat edir.
Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına əsasən, rayonda 1 508 hektar sahədə təkrar kartof əkini aparılıb. Kütləvi yığımın gələn ay başlanması planlaşdırılır.
Mərkəzdən bildirilib ki, məhsuldarlığın aşağı olmasına toxumun keyfiyyəti və aqrotexniki qaydalara əməl edilməməsi səbəb ola bilər. Ümumi məhsul həcminə təsir isə yığım başa çatdıqdan sonra daha aydın görünəcək.
İqtisadçıların fikrincə, məhsuldarlıq aşağı olarsa, məhsulun qiyməti arta bilər.
