Qırğızıstanda mütəşəkkil cinayətkar qruplarla əlaqələrə, korrupsiyaya və digər qanun pozuntularına görə 202 dövlət qulluqçusu vəzifəsini itirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev məlumat verib.
“Bu gün biz [keçmiş gömrük rəis müavini] Raiymbek Matraimovla əlaqəli 92 dövlət qulluqçusunu və qanuni oğru Kolbayevlə əlaqəli 60 əməkdaşı müəyyən etmişik. Bundan əlavə, Gömrük Xidmətinin 50 əməkdaşının da müxtəlif cinayətlərdə iştirakı müəyyən edilib. Cinayət elementləri və mütəşəkkil cinayətkar qruplarla əlaqəyə, habelə korrupsiyaya cəlb olunduğuna görə ümumilikdə 202 dövlət qulluqçusu işdən çıxarılacaq”, – deyən Taşiyev əlavə edib ki, bu yolla dövlət orqanlarında təmizləmə aparılır.
Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri bəyan edib ki, bundan sonra Qırğızıstanda mütəşəkkil cinayətkarlıq olmayacaq.
O, bildirib ki, əvvəllər bir çox dövlət qulluqçuları, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşları cinayətkarlara özlərini satıb, onlara xidmət göstəriblər. Taşiyev bildirib ki, tabeliyində olan şəxslərin işi birbaşa korrupsiya və mütəşəkkil cinayətkar qruplarla mübarizə ilə bağlı olmalıdır:
“Heç bir rayonda, kənd və qəsəbələrdə elə şey olmamalıdır ki, mütəşəkkil cinayətkar dəstənin üzvü deputat olsun, dövlət qulluğunda vəzifə tutsun. Bizim bilavasitə vəzifəmiz belə şəxsləri müəyyən edib, törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etməkdir”.
Natiq Səlim,
KONKRET.az
