ABŞ administrasiyası Rusiya neftinin satışına və daşınmasına icazə verən müvəqqəti sanksiya istisnalarını yeniləməyib və iyunun 17-də qüvvədə olan sonuncu lisenziyanın müddəti başa çatıb. Ağ Evin bu rejimi yenidən uzatmamaq qərarı enerji bazarlarında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio bu məsələ ilə bağlı açıqlamasında administrasiyanın mövqeyinin sanksiyaların tam bərpası istiqamətində olduğunu bildirib. Rubio qeyd edib ki, bu istisnalar əvvəlcə qlobal enerji təchizatında yaranmış kəskin çatışmazlığı aradan qaldırmaq və qiymət artımının qarşısını almaq üçün müvəqqəti tədbir kimi tətbiq edilmişdi. Dövlət katibinin sözlərinə görə, ABŞ-nin təməl siyasəti Rusiya neftinə qarşı sanksiyaların sərtləşdirilməsindən ibarətdir və bu istisnaların mümkün qədər tez dayandırılması zəruridir.
Qeyd edək ki, sözügedən istisnalar 2026-cı ilin mart ayında İranın Hörmüz boğazında yaratdığı blokada nəticəsində qlobal enerji bazarlarında yaranan gərginliyi yumşaltmaq məqsədilə tətbiq olunmuşdu. O zaman neft qiymətlərinin kəskin artmasının qarşısını almaq üçün ABŞ Xəzinədarlığı Rusiyanın dəniz yolu ilə daşınan neftinə dair sanksiyalara müvəqqəti icazələr vermişdi. Lakin hazırda ABŞ və İran arasında əldə olunan razılaşmalar və Hörmüz boğazında gəmiçilik hərəkətinin bərpası qlobal bazarlarda təklifi stabilləşdirdiyi üçün Vaşinqton sanksiya rejimini yenidən sərtləşdirmək qərarına gəlib. Prezident Donald Tramp G7 sammitində bildirib ki, bazara neft axını stabilləşdiyi üçün ABŞ artıq Rusiyanın enerji gəlirlərinə qarşı təzyiqləri maksimuma çatdıra bilər. Beynəlxalq qurumların hesabatlarına görə, ötən aylarda tətbiq edilən bu yumşalmalar Rusiyaya milyardlarla dollar əlavə gəlir əldə etməyə imkan vermişdi, indi isə Vaşinqton diqqətini İranla yeni razılaşmalar çərçivəsində neft bazarlarını tənzimləməyə yönəldib.
Natiq Səlim,
KONKRET.az
