Məhərrəm ayının 10-cu günü (25 iyun)– Aşura günü oruc tutulmasının hökmü inanclılar arasında ən çox müzakirə edilən və mübahisə doğuran mövzulardan biridir. Bəzi müsəlmanlar bu gündə oruc tutmağın savab olduğunu müdafiə etsə də, digərləri bunun qadağan və ya bəyənilməyən bir əməl olduğunu bildirirlər.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a açıqlama verən ilahiyyatçı Fərid Abdulla Aşura orucuna Əhli-beytin yanaşmasını və şiə alimlərinin bu barədəki fətvalarını tarixi faktlar və rəvayətlərlə diqqətə çatdırıb.
İlahiyyatçı bildirir ki, Əhli-beyt imamlarından nəql olunan rəvayətlərdə Aşura günü oruc tutmağın mahiyyəti geniş şəkildə izah olunur. Məhəmməd ibn Müslim və Zürarə ibn Əyən İmam Baqirdən Aşura günü oruc tutmaq barəsində soruşduqda, İmam belə buyurmuşdur: “Belə bir oruc Ramazan ayından öncə idi. Ramazan ayı oruc tutmağın vacibliyi nazil olduqda tərk olundu”. Başqa bir rəvayətdə isə İmam bu barədə qeyd edir: “Ramazan ayının nazil olması ilə tərk olunmuşdur və tərk olunan oruc bidətdir”.
İmam Baqirdən nəql olunan digər bir rəvayətdə isə Aşura orucunun tarixi köklərinə işıq salınır: “Həmin gündə Hüseyn öldürülmüşdür. Əgər şəmatət etmək, yəni başlarına gələn bəladan xoşhal olduğunu bildirmək istəyirsənsə, o zaman oruc tut. Ali-Üməyyə və Hüseyni öldürmək naminə kömək edən Şam əhlindən olan köməkçiləri nəzir etdilər ki, Hüseyn öldürülsə, Hüseynə tərəf çıxanlar salamat qalsa, Xilafət Əbusüfyan ailəsinə keçsə, həmin günü özlərinə bayram seçsinlər və o gün şükür əlaməti olaraq oruc tutsunlar, övladlarını sevindirsinlər. Həqiqətdə, bu oruc müsibət üçün deyil, yalnız salamatlıq üçün şükür əlamətidir. Hüseynə gəlincə, başına müsibət gəlib. Əgər sən də müsibətə düçar olanlardansansa, o zaman oruc tutma. Yox əgər Bəni-Üməyyənin salamatlığı səni sevindirirsə və şəmatət edənsənsə, o zaman Allaha şükür əlaməti olaraq oruc tut”.
Zeyd Nərsinin rəvayətinə görə, Übeyd ibn Zürarə İmam Sadiqdən bu günün orucu barədə soruşduqda, İmam belə cavab verib: “Kim o günü oruc tutsa, onun bu orucdan payı İbn Mərcanə və Ali-Ziyadın payı olacaq”. Sual olunduqda ki, onların payı nədir, İmam: “Oddur. Allah bizə Oddan və Oda yaxınlaşdıran əməldən pənah versin” deyə buyurmuşdur. Tasua və Aşura günləri barədə soruşulduqda isə İmam Sadiq bildirmişdir: “… O, oruc günü deyil. Yalnız hüzn və müsibət günüdür ki, səma və yer əhlinə, habelə bütün möminlərə üz tutub. Həm də İbn Mərcanə, Ali-Ziyad və Şam əhli üçün sevinc və fərəhdir. Allah onlara və nəsillərinə qəzəb etsin!”.
Fərid Abdulla qeyd edir ki, rəvayətlərdən çıxış edərək şiə fəqihləri fərqli dövrlərdə bu günün hökmü ilə bağlı müxtəlif fətvalar vermişlər. Məsələn, mərhum Xansari, Mühəddis Bəhrani və Mühəqqiq Əhməd Nəraqini kimi bəzi tanınmış alimlər Aşura günü oruc tutmağa birbaşa haram hökmü vermişlər.
Bununla yanaşı, müasir dövrün və yaxın keçmişin bir çox böyük alimləri isə bu günü tam oruc tutmağı məkruh, yəni bəyənilməyən əməl hesab edirlər. Ürvə kitabının müəllifi Seyid Yəzdi, Seyid Burucerdi, İmam Xomeyni və Ürvətül-vüsqa kitabının əksər şərhçiləri, eləcə də hal-hazırda yaşayan bir çox müctəhidlər bu rəydədirlər.
Az bir dəstə alim isə nəhy edən və müstəhəb olduğunu bildirmək istəyən xəbərləri cəm edərək fərqli bir nəticəyə gəliblər. Onların rəyinə görə, Bəni-Üməyyənin etdiyi kimi təbərrük məqsədilə deyil, sırf hüzn və kədər niyyətilə günorta və ya əsr vaxtına qədər ac-susuz qalıb, qürubdan əvvəl bir az su ilə iftar etmək müstəhəbdir.
İlahiyyatçı vurğulayır ki, şiə fəqihləri Əhli-beyt rəvayətlərindən ilham almaqla bu günün ilk növbədə qəm-qüssə günü olduğunu qeyd edirlər. Onlar İmam Hüseynə əzadarlıq keçirilməsinin vacibliyini önə çəkərək, möminləri bu hüznə kölgə salacaq, yaxud onu sevincli bayram gününə bənzədəcək hər bir əməldən çəkinməyə çağırırlar”.
