44 günlük Zəfər Azərbaycan tarixində: Dünyaya sülh gətirən mesajlar verildibackend

44 günlük Zəfər Azərbaycan tarixində: Dünyaya sülh gətirən mesajlar verildi

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, ardınca 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri yalnız hərbi nəticə ilə ölçülə biləcək hadisə deyil. Bu proses Azərbaycan dövlətinin uzun illər davam edən işğala son qoyması, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü faktiki olaraq bərpa etməsi və separatçı qurumun mövcudluğuna son verməsi baxımından XXI əsrin mühüm hadisələrindən biridir.

Bu Zəfərin başqa bir mühüm tərəfi isə ondan ibarətdir ki, Azərbaycan müharibəni yalnız ərazilərin azad edilməsi ilə başa çatdırmadı. Separatçı rejimin bir sıra rəhbərləri və hərbi-siyasi şəxsləri saxlanılaraq məhkəmə qarşısına çıxarıldı. Bununla da onilliklər ərzində cavabsız qalan çoxsaylı cinayətlərin hüquqi müstəvidə araşdırılması üçün real imkan yarandı.

Burada əsas məsələ qisas deyil, məsuliyyətdir. Çünki dövlətlərin ərazi münaqişələri bitə, ordular geri çəkilə, sərhədlər dəyişə bilər. Lakin müharibə zamanı törədilmiş ağır cinayətlər avtomatik olaraq yox olmur. Əksinə, sülhün davamlı olması üçün belə cinayətlərə hüquqi qiymət verilməsi vacibdir. Qarabağ münaqişəsinin ən mühüm xüsusiyyətlərindən biri ondan ibarət idi ki, separatçı rejim uzun illər ərzində faktiki idarəçilik görüntüsü yaratmağa çalışsa da, beynəlxalq hüquqi müstəvidə Azərbaycanın ərazi bütövlüyü dəyişməmişdi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunmuş, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması tələb edilmişdi. 2008-ci ildə isə BMT Baş Assambleyasının 62/243 saylı qətnaməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəyi bir daha təsdiqlədi. Sənəddə işğal olunmuş Azərbaycan ərazilərindən bütün Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Həmçinin işğal nəticəsində öz evlərindən qovulmuş insanların geri qayıtmaq hüququ təsdiqlənirdi.

Deməli, 2020-ci ildə Azərbaycanın hərbi yolla əldə etdiyi nəticə beynəlxalq hüququn əvvəldən müəyyən etdiyi çərçivədən kənarda yaranmış yeni vəziyyət deyildi. Əksinə, Azərbaycan illərlə yerinə yetirilməyən beynəlxalq tələblərin icrasını öz hərbi-siyasi imkanları hesabına təmin etdi. Bu məqam Zəfərin mahiyyətini anlamaq baxımından xüsusilə vacibdir. Bəs yaxşı, BMT qətnamələri niyə illərlə icra olunmadı? Burada XX əsrin sonu və XXI əsrin əvvəllərinin beynəlxalq münasibətlər sistemi ilə bağlı daha geniş sual ortaya çıxır: əgər BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcud idisə, onların icrası niyə təmin edilmədi? Bu sualın cavabı təkcə hüquqda deyil, beynəlxalq siyasətdədir. Beynəlxalq münasibətlər sistemində hüquqi norma ilə onun icrası arasında bəzən ciddi məsafə yaranır. Güclü dövlətlərin geosiyasi maraqları, regional balans, vasitəçilik mexanizmlərinin məhdudluğu və böyük güclərin münaqişələrə fərqli yanaşması müəyyən qərarların illərlə kağız üzərində qalmasına səbəb ola bilir. Qarabağ məsələsi də bunun nümunələrindən biri oldu. BMT sənədlərində işğal faktına münasibət formalaşmışdı, lakin bu qərarların icrası üçün effektiv mexanizm yaranmadı. Nəticədə yüz minlərlə insan doğma torpaqlarından didərgin düşdü, şəhər və kəndlər dağıdıldı, tarixi-mədəni irs ciddi zərər gördü və münaqişə dondurulmuş vəziyyətə gəldi. Lakin Azərbaycanın 2020-ci il Zəfəri məhz bu uzunmüddətli status-kvonu dəyişdi. Məsələ burasındadır ki, Azərbaycanın əldə etdiyi nəticəni yalnız “torpaqların geri alınması” kimi təqdim etmək hadisənin miqyasını kiçiltmək olardı. Əslində proses üç mərhələdə baş verdi. Birincisi, Azərbaycan bütün bu illər ərzində ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi saxladı. İkincisi, 2020-ci ildə Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi və münaqişənin hərbi-siyasi mənzərəsini kökündən dəyişdi. Üçüncüsü və ən əsası 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi.

Beləliklə, söhbət yalnız bir neçə rayonun azad edilməsindən yox, dövlətin öz ərazisi üzərində suveren hakimiyyətinin tam bərpasından gedirdi. Müasir dünyada dövlətlərin ərazi bütövlüyü məsələsi son dərəcə həssasdır. İkinci Dünya müharibəsindən sonra beynəlxalq sistemin əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət oldu. Bu səbəbdən XX–XXI əsrlərdə uzun müddət işğal altında qalmış ərazilərin hərbi-siyasi yolla yenidən həmin dövlətin nəzarətinə qaytarılması halları çox geniş yayılmış hadisə deyil. Küveytin 1990–1991-ci illərdə İraq işğalından azad edilməsi beynəlxalq koalisiyanın hərbi müdaxiləsi ilə baş verdi. Xorvatiyanın 1995-ci ildə ərazi bütövlüyünü böyük ölçüdə bərpa etməsi isə başqa tarixi və siyasi kontekstdə baş verdi.

Azərbaycan nümunəsinin fərqləndirici tərəfi isə işğal olunmuş ərazilərin azad edilməsi prosesinin dövlətin uzunmüddətli hərbi, diplomatik və siyasi strategiyası çərçivəsində həyata keçirilməsi və nəticədə ərazi üzərində suverenliyin tam bərpa olunmasıdır. Bu mənada “Azərbaycan presedent yaratdı” ifadəsinə ehtiyatla yanaşmaq lazımdır. Burada söhbət avtomatik olaraq digər münaqişələrə tətbiq ediləcək hüquqi presedentdən getmir. Beynəlxalq hüquqda hər bir münaqişənin öz hüquqi və siyasi konteksti var. Lakin Azərbaycan hadisəsi siyasi və tarixi presedent, daha doğrusu, mühüm nümunə yaradır: uzun müddət “dondurulmuş münaqişə” kimi təqdim edilən ərazi münaqişəsi əbədi olaraq dondurulmuş vəziyyətdə qalmaya bilər.

Çünki Qarabağ hadisələrinin beynəlxalq əhəmiyyətinin başqa bir tərəfi separatizm məsələsidir. Separatçı qurumlar bəzən uzun müddət mövcud olmaqla özlərini faktiki siyasi reallıq kimi təqdim etməyə çalışırlar. Zaman keçdikcə “faktiki vəziyyət”in “hüquqi vəziyyət”ə çevrilməsi gözləntisi yaranır. Azərbaycan nümunəsində isə bunun əksi baş verdi. Onilliklər ərzində mövcud olmuş separatçı struktur dağıldı, Azərbaycan dövlətinin suverenliyi bərpa edildi və həmin strukturun siyasi rəhbərliyində olmuş şəxslər məhkəmə qarşısına çıxarıldı. Bu, separatizmə qarşı mübarizənin yalnız hərbi deyil, hüquqi mərhələsinin də mümkün olduğunu göstərir.

Burada xüsusi diqqət çəkən məqam odur ki, Azərbaycan separatçı rejimin rəhbərlərinin məsuliyyətini siyasi bəyanat səviyyəsində saxlamayıb, məsələni məhkəmə müstəvisinə çıxardı. Bakı Hərbi Məhkəməsində Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslərlə bağlı cinayət işləri üzrə açıq məhkəmə iclasları keçirilib. Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki hüquqi dövlətin gücü yalnız cinayət törədən şəxsi tutmaqla deyil, onun təqsirini məhkəmə qarşısında sübut etmək qabiliyyəti ilə ölçülür. “Müharibə cinayəti” anlayışı niyə burada əsas məsələdir? Artıq bütün dünya bilir ki, işğal dövründə baş vermiş hadisələr arasında dinc əhalinin öldürülməsi, zorla köçürülməsi, girov götürülmə, işgəncə, yaşayış məntəqələrinin dağıdılması və digər ağır əməllərlə bağlı çoxsaylı faktlar mövcuddur. Azərbaycan bir daha beynəlxalq aləmə sübut etdi ki, bu əməllərin bir hissəsi sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır cinayət tərkibləri üzrə araşdırılır. Məhkəmələrdə bu hadisələrin şahidlərinin dinlənilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan 2025-ci ildə keçirilən iclaslarda keçmiş əsirlər, girovlar, məcburi köçkünlər və yaxınlarını itirmiş şəxslərin ifadələri dinlənilib. Bu proses sadəcə hüquqi prosedur deyil, həm də tarix qarşısında sənədləşdirmə prosesidir. Çünki müharibələrin sonunda təkcə sərhədlər deyil, tarixi yaddaş da mübarizə predmetinə çevrilir.

Kiminsə törətdiyi cinayət məhkəmə sənədlərində təsdiqlənirsə, həmin fakt artıq yalnız bir tərəfin siyasi iddiası deyil, hüquqi araşdırmanın predmetinə çevrilir. Bu baxımdan Ruben Vardanyanın işi ayrıca diqqət çəkir. Ona görə ki, Vardanyan Qarabağda separatçı strukturun fəaliyyətində mühüm siyasi və maliyyə fiquru kimi təqdim olunub və Azərbaycanda onun barəsində ağır cinayət ittihamları ilə məhkəmə prosesi keçirilib. 2026-cı il fevralın 17-də Bakı Hərbi Məhkəməsində hökm elan olunub və Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu işin əhəmiyyəti yalnız bir şəxsin taleyi ilə məhdudlaşmır. Əsas məsələ separatizmin arxasında yalnız silahlı qüvvələrin deyil, maliyyə, təşkilati və siyasi mexanizmlərin də dayana bilməsidir. Deməli, separatizmlə mübarizə yalnız silahların susdurulması ilə bitmir. Onun maliyyə mənbələri, siyasi strukturları və təbliğat mexanizmləri də hüquqi müstəvidə araşdırılmalıdır. Zəfərdən sonra Azərbaycan üçün ən mühüm məsələlərdən biri də bu anlayışlar arasındakı sərhədi qorumaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi nəticə beynəlxalq miqyasda daha güclü mesaj kimi qəbul edildi. Çünki Azərbaycan torpaqları işğaldan azad etdikdən sonra separatçı liderləri küçə məhkəmələri ilə deyil, dövlət məhkəməsi qarşısında cavab verməyə məcbur edildi. Bu, dövlətçilik baxımından mühüm fərqdir. Azərbaycan Prezidenti İlham Əliyev də separatçı liderlərin saxlanılaraq ədalət qarşısında cavab verdiyini və məhkəmələrin keçirilməsini Zəfərin tamamlayıcı mərhələsi kimi qiymətləndirib.

Qarabağ hadisələrindən çıxan ən mühüm siyasi nəticələrdən biri də budur: Heç bir işğal olunmuş ərazi avtomatik olaraq işğalçının əbədi mülkiyyətinə çevrilmir. Vaxt keçməsi beynəlxalq hüquqi statusu avtomatik dəyişmir. Bir ərazidə illərlə separatçı idarəetmənin mövcud olması həmin ərazinin beynəlxalq hüquqda dövlət statusunu avtomatik yaratmır. Azərbaycanın Zəfəri məhz bu prinsipin siyasi və hərbi müstəvidə reallaşmasının nümunəsinə çevrildi.

Bu, digər münaqişələr üçün nə deməkdir? Azərbaycan nümunəsinin başqa münaqişələrə mexaniki şəkildə köçürülməsi düzgün olmaz. Çünki hər münaqişənin tarixi, hüquqi, demoqrafik və geosiyasi xüsusiyyətləri fərqlidir. Lakin bir prinsip universal əhəmiyyət daşıyır: Beynəlxalq hüquq normaları uzun müddət icra edilmədikdə belə, onların hüquqi əhəmiyyəti avtomatik olaraq yox olmur. Bu baxımdan Qarabağ nümunəsi beynəlxalq münasibətlər sisteminə ciddi mesaj verdi. Uzun müddət davam edən işğal, separatçı idarəçilik və “dondurulmuş münaqişə” anlayışı öz-özlüyündə ərazi üzərində suverenliyin dəyişməsi demək deyil.

Qısacası, Azərbaycanın 2020–2023-cü illərdə əldə etdiyi nəticəni bir cümlə ilə ifadə etmək lazım gəlsə, bunu belə demək mümkündür: Azərbaycan əvvəlcə işğal edilmiş ərazilərini azad etdi, sonra dövlət suverenliyini tam bərpa etdi, daha sonra isə müharibə və separatizm dövründə törədilmiş ağır cinayətlərin hüquqi qiymətləndirilməsi mərhələsinə keçdi. Bu üç istiqamət birlikdə Zəfərin bütöv mənzərəsini yaradır. Ərazi azad edilməsəydi, suverenlik bərpa olunmayacaqdı. Suverenlik bərpa olunmasaydı, separatçı strukturun fəaliyyətinə hüquqi son qoymaq mümkün olmayacaqdı. Separatçı struktur dağıdılmasaydı, onun rəhbərlərinin Azərbaycan məhkəməsi qarşısında cavab verməsi də mümkün olmayacaqdı. Deməli, hərbi qələbə hüquqi ədalətin həyata keçirilməsi üçün zəmin yaratdı. Əslində müharibələrin ən ağır mirası döyüş meydanından sonra qalır. İtkinlər, kütləvi məzarlıqlar, dağıdılmış şəhərlər, doğma torpaqlarından qovulmuş insanlar, illərlə davam edən travmalar və cavabsız suallar…

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kütləvi məzarlıqların aşkarlanması və itkin şəxslərin taleyinin araşdırılması bu məsələnin miqyasını göstərir. Prezidentin rəsmi məlumatına görə, azad edilmiş ərazilərdə 29 kütləvi məzarlıq aşkarlanıb və müəyyən edilmiş qalıqların məhkəmə-tibbi ekspertizası işgəncə izlərini də təsdiqləyib. Ona görə də Zəfərin mənası yalnız bayrağın ucaldılması ilə bitmir. Zəfərin tam mənası ədalətin bərpasıdır. Ədalət isə həm torpağın azad edilməsini, həm insanların öz yurdlarına qayıtmaq imkanını, həm də ağır cinayətlərin hüquqi müstəvidə araşdırılmasını əhatə edir.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*