Norveç monarxı V Harald 89 yaşında vəfat etdikdən 12 gün sonra paytaxt Osloda dəbdəbəli dəfn mərasimi ilə son mənzilə yola salınıb.
KONKRET.az “People”a istinadla xəbər verir ki, bu gün keçirilən vida mərasimində Norveç kral ailəsinin üzvləri ilə yanaşı, dünyanın bir çox ölkələrindən monarxlar və yüksəksəviyyəli dövlət rəsmiləri iştirak ediblər.
Mərasim Kral Sarayındakı ibadətgahdan Oslo Kafedralına doğru təşkil olunan matəm yürüşü ilə başlayıb. BBC-nin məlumatına görə, təxminən 200.000 nəfər insan küçələrə axışaraq kralı son mənzilə yola salmaq üçün matəm marşrutu boyunca toplanıb. Tabut kilsəyə daxil olarkən izdihamın sükutu fonunda yalnız matəm zəngləri eşidilib.
Dini dəfn mərasimi Norveç Kilsəsinin baş yepiskopu Olav Fıkse Tveit tərəfindən idarə olunub. Mərasimdə Böyük Britaniya Kralı III Çarlzı təmsil edən şahzadə Uilyam və yeni Kral Haakonun xaç anası olan şahzadə Anna da iştirak edib.
Kilsədəki mərasimdən sonra monarxın nəşi yalnız ailə üzvləri və xarici kralların qatıldığı xüsusi qapalı mərasim üçün Akershus qalasına aparılıb. V Harald valideynləri – Kral Olav və Şahzadə Martanın da dəfn olunduğu tarixi ərazidə torpağa tapşırılıb.
Xatırladaq ki, Saray avqustun 28-i səhər saatlarında 89 yaşlı V Haraldın Oslo Universitet Xəstəxanasında dünyasını dəyişdiyini bəyan etmişdi. Monarxın vəfatından dərhal sonra onun yeganə oğlu Haakon Norveçin yeni kralı elan olunub. Yeni kralın 22 yaşlı qızı, vəliəhd şahzadə İnqrid Aleksandra isə taxtın birinci varisi olub.
Qeyd edək ki, 1991-ci ildən taxtda olan V Harald gəncliyində peşəkar idmançı olub. O, 1964, 1968 və 1972-ci il Olimpiya Oyunlarında Norveçi yelkənli qayıq idmanında təmsil edib, Dünya və Avropa çempionu titulunu qazanıb. Son illər ciddi səhhət problemləri yaşamasına baxmayaraq, o, Danimarka kraliçası kimi taxtdan imtina etməkdən imtina etmiş, parlamentə verdiyi andın ömürlük olduğunu bəyan etmişdi.\\qafqazinfo.az








