90 milyon dolların əsiri: Xəsislik insanı nəyə çevirir?backend

90 milyon dolların əsiri: Xəsislik insanı nəyə çevirir?

Amerikalı Henriyeta Houland Qrin haqqında danışılan bir hadisə var. Deyilənə görə, o vəfat etdikdən sonra bank hesabında 90 milyon dollar olduğu məlum olmuşdu. Bu xəbəri eşidənlər heyrətə gəlmişdilər. Çünki həmin qadın sağlığında pul xərcləməmək naminə həyatını və övladının sağlamlığını belə riskə atmışdı. Rəvayət edilir ki, yeganə oğlunun ayağı təcili əməliyyat olunmalı olduğu halda, ödəniş etməmək üçün günlərlə pulsuz xəstəxana axtarmışdı. Hətta özü də bir neçə sent artıq pul ödəməmək üçün satıcı ilə mübahisə edərkən infarkt keçirərək dünyasını dəyişmişdi.

Bu hadisənin bütün təfərrüatlarının tarixən necə nəql olunmasından asılı olmayaraq, onun verdiyi mesaj son dərəcə düşündürücüdür: insan bəzən pulun sahibi olmaq istəyərkən, pulun əsirinə çevrilir.

Pul həyatımız üçün vacibdir. İnsan zəhmət çəkir, qazanır, gələcəyini düşünür, övladına miras qoymaq istəyir. Bütün bunlar təbiidir. Ancaq pul məqsədə yox, vasitəyə çevrilməlidir. Vasitə məqsədi əvəz edəndə insanın xarakteri dəyişir. Artıq o, qazandığı sərvətdən istifadə etməyi yox, onu yalnız yığmağı düşünür. Beləliklə, var-dövlət insanı azad etmək əvəzinə, görünməz zəncirlərlə bağlayır.

Xəsislik təkcə cib məsələsi deyil, mənəviyyat problemidir. Xəsis adam heç vaxt rahat yaşamır. O, hər xərci itki kimi görür, hər köməyi zərər hesab edir, hər ehsanı öz sərvətinə təhlükə sayır. Belə adam üçün insan münasibətlərinin də qiyməti pulla ölçülür. Nəticədə ətrafında dostlar yox, maraq göstərən insanlar qalır. Sərvəti artır, amma etibarı azalır.

Azərbaycan cəmiyyətində də bu xüsusiyyətə rast gəlinir. Elə imkanlı adamlar var ki, milyonlarla sərvətə sahib olsalar da, işçisinin maaşını artırmağa qıymırlar. Qohumuna kömək etməyi yük hesab edirlər. Xeyriyyə işlərinə qoşulmağı mənasız sayırlar. Restoranda bahalı məclis qururlar, amma kasıb tələbənin təhsil haqqına, xəstənin müalicəsinə, şəhid ailəsinə yardım etməyə gələndə saysız-hesabsız bəhanələr tapırlar.

Ən qəribəsi isə odur ki, belə insanlar çox vaxt özlərinə də pul xərcləmirlər. Keyfiyyətli müalicədən, normal qidadan, rahat istirahətdən imtina edirlər. Guya qənaət edirlər. Əslində isə həyatlarını yaşayaraq deyil, qoruyaraq keçirirlər. Qoruduqları isə həyat yox, bank hesabıdır.

Xəsislik ailələri də dağıdır. Ata övladının təhsilinə pul xərcləmir, ər həyat yoldaşının ehtiyaclarını görməzdən gəlir, övlad isə valideyninə lazımi qayğını göstərmir. Pul sevginin, mərhəmətin və etibarın yerini tutanda ailə yalnız eyni dam altında yaşayan insanların məcmusuna çevrilir.

Tarix göstərir ki, səxavətli insanlar daha çox xatırlanırlar. Məktəb tikdirənlər, xəstəxana açanlar, kasıblara əl tutanlar, elmə və mədəniyyətə sərmayə qoyanlar öldükdən sonra da hörmətlə anılırlar. Xəsislər isə adətən bank hesablarının rəqəmləri ilə deyil, qəribə hərəkətləri ilə yadda qalırlar. Çünki sərvətin böyüklüyü yox, ondan necə istifadə edilməsi insanın həqiqi dəyərini müəyyənləşdirir.

Pul sandıqda qaldıqca heç kimin həyatını dəyişmir. O, yalnız xərclənəndə, istehsala yönələndə, elmə, təhsilə, səhiyyəyə, insanlara xidmət edəndə dəyər qazanır. Əks halda, bank hesabındakı milyonlar sadəcə rəqəmdir.

Henriyeta Qrinin hekayəsi bizə bir həqiqəti xatırladır: insan pulu qorumalıdır, amma pul naminə insanlığını itirməməlidir. Çünki dünyanın ən böyük faciəsi kasıb ölmək deyil. Ən böyük faciə varlı yaşayıb, yoxsul düşüncə ilə ömür sürməkdir. Sonda nə milyonlar insanı xilas edir, nə də bank hesabındakı rəqəmlər. İnsan dünyadan özü ilə yalnız etdiyi yaxşılıqları və qoyduğu xoş xatirələri aparır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*