Rusiyada müharibəni və Kremlin siyasətini fəal şəkildə müdafiə edən media simalarının gəlirləri ilə bağlı yeni rəqəmlər açıqlanıb.
KONKRET.az xəbər verir ki, “Vyorstka” nəşrinin araşdırmasına əsasən, ən yüksək gəlir əldə edən tanınmış təbliğatçılardan biri rejissor və “Besogon” proqramının aparıcısı Nikita Mixalkovdur.
Araşdırmaya görə, Mixalkovun bonuslar da daxil olmaqla illik gəliri təxminən 270 milyon rubl – 3,4 milyon dollar təşkil edir.
Bundan əlavə, onun bank depozitlərində 2,5 milyard rubldan – 31 milyon dollardan çox vəsait saxladığı bildirilir. Hesablamalara görə, bu depozitlər Mixalkova təkcə faiz şəklində ildə təxminən 515 milyon rubl – 6,4 milyon dollar gəlir gətirir.
Mixalkovun gəlirləri cəbhədən reportajlar hazırlayan Z-hərbi müxbirlərin qazancından xeyli yüksəkdir. Onların arasında ən çox qazananlardan biri Boris Rojindir. Onun illik gəlirinin 350 min dollardan çox olduğu bildirilir.
Araşdırmada ümumilikdə Rusiyanın təbliğat sistemində çalışan media menecerləri, teleaparıcılar, hərbi müxbirlər və Z-bloqerlərin gəlirləri nəzərdən keçirilib. Hesablamalara əsasən, araşdırmaya daxil edilən şəxslərin ümumi illik qazancı təxminən 37,5 milyon dollara çatır.
Ən yüksək gəlirlər media menecerləri arasında qeydə alınıb. Məsələn, Milli Media Qrupunun rəhbəri Kirill Kovalçukun illik gəlirinin 7,85 milyon dollar olduğu göstərilir.\\musavat.com

