900 manat maaşla ayrı yaşamaq istəyənlərə pis xəbərbackend

900 manat maaşla ayrı yaşamaq istəyənlərə pis xəbər

“Gənclərin müstəqil həyata qədəm qoyması və ayrı yaşamaq qərarı, ilk növbədə, onların maliyyə imkanlarından asılı olan bir məsələdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah” a açıqlamasında  Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, əgər gənc orta aylıq əməkhaqqından aşağı məbləğdə gəlir əldə edirsə, müstəqil həyata tələsməmək, valideynləri ilə birgə yaşayaraq komfort şəraiti qorumaq daha məqsədəuyğundur:

“Hazırda mənzil və evlərin kirayə qiymətləri kifayət qədər yüksəkdir. Kirayə mənzildə yaşamaq gəncin bütün əməkhaqqını əlindən ala bilər. Qiyməti aşağı salmaq üçün mənzili başqa şəxslərlə bölüşmək isə müstəqillik və sərbəstlik arzusu ilə evdən ayrılan gənc üçün həll yolu deyil; çünki o, yaşayış məkanını yenə də kimləsə bölüşməli olacaq.

Ona görə də müstəqil həyata başlamaq üçün ciddi maliyyə imkanlarına və stabil gündəlik istehlak ehtiyaclarını qarşılayan gəlirə malik olmaq lazımdır. Məsələn, mənzil kirayəsinin 400–600 manat təşkil etdiyi və real orta əməkhaqqının 800–1000 manat olduğu bir şəraitdə, gəlirin böyük hissəsini kirayəyə vermək gənci maddi problemlərlə üz-üzə qoya bilər. Nəticədə geyim, əyləncə, restoran və asudə vaxtın təşkili kimi vacib xərclər yaşayış proqramının kənarında qalar”.

V. Oruc qeyd edib ki, gələcəkdə ev sahibi olmaq üçün ən məqsədəuyğun yol valideynlərlə birgə yaşayıb yığım etməkdir:

“Sərbəstlik baxımından müəyyən məhdudiyyətlər olsa da, ailə doğmalığını və dəstəyini nəzərə alaraq müvəqqəti olaraq sərbəstlikdən imtina etmək olar. Burada əsas məqam kirayəyə veriləcək vəsaitin mütləq yığıma istiqamətləndirilməsidir.

Əgər valideyn evində qalıb qənaət edilən pul əyləncəyə və lazımsız şeylərə xərclənəcəksə, bundan heç bir fayda əldə etmək mümkün olmayacaq. Qazanılan pul gələcək mənzil üçün, ən azı ipoteka kreditinin ilkin ödənişini formalaşdırmaq üçün bir investisiya kimi toplanmalıdır.

Hər ay öz yaşayış xərclərini müstəqil ödəyən gənclər büdcə idarəetməsini və qənaət etməyi təcrübədə öyrənirlər. Lakin maliyyə savadlılığını birdən-birə reallığın çətinlikləri ilə üzləşərək deyil, valideynlərin yanında qalaraq da mənimsəmək mümkündür. Çünki birdən-birə sərt həyat şərtləri ilə üz-üzə gəlmək gənclərin psixologiyasına mənfi təsir göstərə və onları arzuolunmaz istiqamətlərə yönəldə bilər. Birbaşa özünü Riskə vurub müstəqil həyata atılmaq kitablarda gözəl görünə bilər, lakin reallıqda bu cür cəhdlərin çox az hissəsi uğurla nəticələnir”.

Ekspertin sözlərinə görə, burada hər şeyi gəncin aylıq gəlirinin həcmi müəyyən edir:

“Aşağı gəlir müstəqil yaşamaq üçün kifayət etmir və birbaşa maliyyə iflasına gətirib çıxarır. Orta gəlir ancaq cari xərcləri bağlamağa bəs edir, yığım etməyə imkan vermir və iş yerinin itirilməsi riskini yüksəldir. Ən optimal variant isə valideynlərin yanında qalaraq ailə büdcəsi idarəçiliyini öyrənmək və şəxsi yığım büdcəsini formalaşdırmaqdır.

Mənzil qiymətlərinin 250–300 min manat, kirayələrin 700–800 manat olduğu şəraitdə, 900–1500 manat maaş alan gəncin ev alması çətin görünə bilər. 20 faizlik ilkin ödəniş (təxminən 50.000 manat) üçün ən azı 10 il yığım tələb olunur. Lakin müddətdən və mənzil qiymətlərindən asılı olmayaraq, qənaət etmək və yığım formalaşdırmaq hər zaman düzgün addımdır. Kirayədən qənaət olunan vəsait sistemli şəkildə toplanmalıdır. Bu yığım mütləq yalnız ev və ya avtomobillə məhdudlaşmamalı, ümumi maliyyə ehtiyatı kimi formalaşdırılmalıdır. Çünki gələcəkdə daha əlçatan ipoteka alətləri və ya yeni imkanlar yarandıqda gəncin buna hazır maliyyə bazası olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*