İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 27 mənzil, Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 38 mənzil və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 26 mənzil olmaqla, ümumilikdə 91 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 419 manatdan başlayır.
KONKRET.az xəbər verir ki, yeni mənzillər 24 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən seçimə təqdim olunacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini SİMA İmzanın biometrik identifikasiya funksionallığı ilə təsdiq edə biləcəklər. Vətəndaşlar SİMA İmzanın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərlər.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi barədə ətraflı məlumatı İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az), YouTube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.
