Fransada nəşr olunan yeni bir kitab artıq geniş ictimai rezonans doğurub. Məşhur fransız aktyoru Alen Delonun keçmiş həyat yoldaşı Rozali van Breemen “Amour fou” (“Dəli məhəbbət”) adlı memuarlarını nəşr etdirərək, aktyorla uzun illər davam edən münasibətlərinin pərdəarxası məqamlarını açıqlayıb.
Niderland əsilli model və jurnalist Rozali van Breemen 1987–2002-ci illərdə, təxminən 15 il Alen Delonla birlikdə yaşayıb. Bu münasibətdən onların iki övladı dünyaya gəlib: Anuşka və Alen-Fabien.
Lakin Rozalinin sözlərinə görə, kənardan romantik görünən bu münasibətin arxasında ağır sınaqlar, aqressiv davranışlar və fiziki zorakılıq halları dayanıb.
Müəllif kitabında iddia edir ki, Alen Delon bipolyar pozuntudan əziyyət çəkib. Onun sözlərinə görə, aktyora bu diaqnoz rəsmi şəkildə qoyulmayıb. Rozali memuarlarında aktyorun kəskin əhval dəyişikliklərindən, qəzəb tutmalarından və dağıdıcı davranışlarından bəhs edir.
Kitabda yer alan ən sarsıdıcı iddialar isə bunlardır:
- Rozalinin iddiasına görə, Delon iki dəfə onun burnunu sındırıb. Bu hadisələrdən birinin hətta eyni gün ərzində baş verdiyi bildirilir.
- O, aktyorun bıçaq və odlu silahla hədələdiyi halları xatırlayır.
- Memuarlarda Delonun əşyaları və qab-qacağı yerə çırpması, təhqiramiz ifadələr işlətməsi, aqressiv davranışlar sərgiləməsi kimi epizodlar təsvir olunur.
- Rozali tibbi yardım üçün müraciət etdiyini, ehtimal olunan hücumlardan birindən sonra jandarmaya şikayət etmək istədiyini, lakin müraciətinin qəbul olunmadığını da iddia edir.
Müəlif uzun müddət susmağa üstünlük verdiyini bildirir. O, bu hadisələr barədə aktyorun ölümündən iki ildən çox vaxt keçdikdən sonra danışmağa qərar verib. Qeyd edək ki, Alen Delon 2024-cü il avqustun 18-də vəfat edib.
“Amour fou” kitabı 2026-cı il noyabrın 12-də “Robert Laffont” nəşriyyatında işıq üzü görüb.
Ekrandakı əfsanə və pərdəarxasındakı insan
Bu memuarların nəşri bir daha məşhurların ictimaiyyət qarşısında formalaşan obrazı ilə onların şəxsi həyatında baş verənlər arasındakı fərq məsələsini gündəmə gətirib.
Xüsusilə vurğulamaq lazımdır ki, kitabda yer alan məlumatlar Rozali van Breemenin şəxsi ifadələri və iddialarıdır. Onlar məhkəmə tərəfindən təsdiqlənmiş faktlar kimi təqdim edilməməlidir.
Fransız ictimaiyyətinin bu açıqlamaları necə qarşılayacağı və yeni memuarların Avropa kinosunun ən məşhur simalarından biri olan Alen Delonun irsinə necə təsir göstərəcəyi isə zamanla bəlli olacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az
