Avstriya hakimiyyəti ölkənin keçmiş xarici işlər naziri Karin Knayslın vətəndaşlığından məhrum edilməsi proseduruna başlayıb.
KONKRET.az xəbər verir ki, Vyananın rəsmi dairələri “Kronen Zeitung” nəşrinə təsdiqləyiblər ki, hazırda Knayslın Avstriya vətəndaşlığının ləğvi məsələsi nəzərdən keçirilir.
Avstriya qanunvericiliyinə əsasən, xaricdə fəaliyyət göstərən şəxsin hərəkətləri ölkənin maraqlarına və ya nüfuzuna ciddi zərər vurarsa, onun vətəndaşlığının ləğvi mümkün ola bilər.
Maraqlıdır ki, vətəndaşlığından məhrum edilməsi prosedurunun başladığını ilk dəfə elə Karin Knaysl özü açıqlayıb. O, Moskvada keçirilən “Millətlərin azadlığı naminə!” hərəkatının ümumi yığıncağında çıxışı zamanı bu barədə danışıb.
Keçmiş nazirin sözlərinə görə, Avstriya hakimiyyətinin narazılığına səbəb onun Rusiyanın ali təhsil müəssisəsində çalışmasıdır. Knaysl hazırda Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.I. mərkəzinə rəhbərlik edir.
O, vətəndaşlığını itirəcəyi təqdirdə Birləşmiş Millətlər Təşkilatına müraciət edəcəyini də bildirib:
“Əgər vətəndaşlığı olmayan şəxsə çevrilsəm, BMT-dən ağ pasport istəyəcəyəm”.
Qeyd edək ki, Karin Knayslın Avstriya vətəndaşlığından məhrum edilməsinə çağırışlar hələ ilin əvvəlində səsləndirilib. Bu təşəbbüslə Avstriyanın hakim koalisiyasına daxil olan liberal NEOS partiyası çıxış edib.
Karin Knaysl 2017–2019-cu illərdə Avstriyanın xarici işlər naziri vəzifəsində çalışıb. O, 2018-ci ildə toy mərasimində Rusiya Prezidenti Vladimir Putinlə rəqs etməsi ilə beynəlxalq medianın diqqətini cəlb etmişdi.
2023-cü ildən Rusiyada yaşayan və fəaliyyət göstərən keçmiş nazirin vətəndaşlığı ətrafında yaranmış vəziyyət Avstriya ilə Rusiya arasındakı siyasi münasibətlər fonunda diqqət çəkən hadisələrdən birinə çevrilib.
Natiq Səlim,
KONKRET.az
